Yeltsinin kürəkəni Putinin kimin sayəsində Prezident olduğunu açıqladı…
Rusiya prezidenti Vladimir Putin Anatoli Çubays sayəsində 1997-1998-ci illərdə Prezident Boris Yeltsinin administrasiyasına rəhbərlik edən Valentin Yumaşevlə tanış olub.
Bu barədə Rusiyanın birinci Prezidenti Boris Yeltsinin kürəkəni Valentin Yumaşev “BBC”-yə müsahibəsində danışıb.
“Yeltsin rəhbərliyindəki hökumət başçısının müavini Anatoli Çubays mənə yaxşı müavin ola biləcək güclü bir idarəçi tanıdığını söylədi. Və məni Vladimir Putinlə tanış etdi. Nəticədə biz birlikdə işləməyə başladıq ”-deyən V.Yumaşevin sözlərinə görə, o, dərhal Putinin gözə çarpan işlərinin
fərqinə varıb.
Prezident administrasiyasının keçmiş rəhbəri əlavə edib ki, Yeltsin bir neçə nəfəri öz varisi kimi görüb. Bunlar arasında Boris Nemtsov (1998-ci ildə Rusiya hökuməti sədrinin müavini), Sergey Stepaşin (1998-1999-cu illərdə Rusiya Federasiyasının Daxili İşlər naziri) və Nikolay Aksyonenko ( 1997-2002-ci illərdə Yollar naziri) olub.
Yumaşevin sözlərinə görə, Yeltsin ondan Putin barədə nə düşündüyünü soruşub. Buna cavab olaraq o, Putinin mütləq potensial varis hesab edilməli olduğunu söyləyib.
Qeyd edək ki, bu, V.Yumaşevin eyni mövzuda ilk müsahibəsi deyil. Noyabrın sonunda Yekaterinburqdakı çıxışında o, Putinin prezident olmaqdan iki il öncə Kremldən ayrılmaq istəməsindən danışıb. Putin Rusiya Prezident Administrasiyası rəhbərinin müavini təyin edildikdən sonra ayrılmağı düşünüb…/moderator.az/