Türkiyə Böyük Millət Məclisində Putinə meydan oxundu -
"Gözlərini oyarıq..."
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edib.
Baxçalı çıxışında İdlibdəki hərbi əməliyyatlarda Türkiyənin verdiyi itkilərə görə Rusiyanı ittiham edib: "Putin nə deyirsə, desin, qəhrəmanlarımızın qəsdən hədəf alındığı dəqiqdir. Rusiya tərəfinə məlumat verilməsinə baxmayaraq, onlar bunu inkar edir. Radarlar isə başqa faktlar ortaya qoyur. Təcili tibbi yardım maşınlarını belə vuran barbarlarla əlaqədə olublar." - deyə bildirib.
MHP lideri "Əsədin son istifadə tarixi bitdiyində onun qələmini ilk qıran Putin olacaq. Xəbərdarlıq edirəm, Türkiyənin zarafatı yoxdur. Rusiya və Suriya Türkiyənin səbrini daşırmamalıdır." - deyib.
Baxçalı Rusiyanın dövlət dəstəkli "Sputnik" agentliyinin "Oğurlanan əyalət: Hatay 80 il əvvəl nə üçün Fransa tərəfindən Türkiyəyə verildi" başlıqlı yazısına da cavab verib:"Bu utanmazlıqdır. Kim Hataya göz dikərsə, o gözləri oyarıq. Kim Hataya əl uzadarsa, o əli kökündən kəsərik. Sorulacaq hesabımız, alınacaq intiqamımız vardır.
Qan və bal qoxusu bir ayını özündən çıxaracaq, zəncirlərindən qoparacaq. Ayı gəlirsə, gəlsin, görəcəyi sadəcə bozqurd ruhunun dirilişi və qəhrəmanlığıdır. "