“Akıncı” 11 500 metr yüksəkliyə uçaraq Türkiyənin aviasiya tarixində rekord qırdı -
VİDEO
Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Akıncı” ağır zərbə Pilotsuz Uçuş Aparatları (PUA) 38 min fut (11 594 metr) hündürlükdə uçuşlar həyata keçirib.
Bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir məlumat verib.
PUA 11.5 kilometr yüksəkliyə çıxaraq Türkiyənin aviasiya tarixində rekord qırmağı bacarıb. “Akıncı”nın 25 saat 46 dəqiqə havada qaldığı bildirilir.
“Baykar” şirkətinin yaydığı məlumatda qeyd olunur ki, sınaqlar 6 iyul saat 20:58-də başlayıb, 7 iyul 22:44-də başa çatıb. Bu müddət ərzində PUA .7507 kilometr məsafə qət edib.
Şirkətin rəsmisi Selçuk Bayraktar “Twitter” hesabında “Nə vaxt 40.000 fut yüksəkliyə çatacaq və öz rekordunu qıracaq?” sualını verib.
Qeyd olunur ki, “Akıncı”lar havaya qalxdıqdan 8 iyul tarixinədək ümumilikdə 870 uçuş həyata keçirib və 347 saat 28 dəqiqə havada qalıb. “Akıncı”nın çox yaxında təhlükəsizlik qüvvələrinin inventarına daxil olacağı bildirilir./ordu.az