Türkiyə Əfqanıstan qaçqınlarından imtina edib -
“Avropa İttifaqının “sərhədçisi” olmayacağıq”
Türkiyə digər ölkələrin beynəlxalq öhdəliklərini öz üzərinə götürmək və Əfqanıstanda vəziyyət gərginləşəndən sonra yeni miqrant dalğalarını qəbul etmək niyyətində deyil.
Bu barədə bazar ertəsi Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Tanju Bilgiçin yaydığı bəyanatda deyilir.
«Biz, Avstriyanın kansleri Sebastyan Kurtsun bəyanatını təəccüblə qarşıladıq. O, Türkiyəni əfqan qaçqınlar üçün «ən əlverişli yer» adlandırıb. Türkiyə heç vəchlə üçüncü ölkələrin beynəlxalq öhdəliklərini öz üzərinə götürməyəcək və yeni miqrant dalğasını qəbul etməyəcək.
Biz, bu barədə həmkarlarımızın hamısına bütün səviyyələrdə xəbər veririk və qeyd edirik ki, Türkiyə Avropa İttifaqının «sərhədçisi» və ya sığınacaq axtaran insanlar üçün düşərgə olmayacaq» - o, qeyd edib.
Bundan əvvəl Kurts «Bild» qəzetinə müsahibəsində belə bir fikir ifadə edib ki, Əfqanıstandan olan qaçqınlara ya öz ölkələrinin təhlükəsiz rayonlarına, ya da Türkiyəyə qaçmaq lazımdır. Avstriya kanslerinin fikrincə, belə variant Avstriyada, Almaniyada və ya İsveçdə sığınacaq axtarmaq cəhdindən yaxşı olardı.