“Taliban” Əfqanıstan hökumətinin informasiya mərkəzinin rəhbərini öldürdü -
FOTO
Əfqanıstan hökumətinin İnformasiya və Media Mərkəzinin başçısı Dava Xan Menapal avqustun 6-da Kabildə güllələnib. Bu, Taliban yaraqlılarının hökumət hədəflərinə getdikcə daha çox fokuslandığını göstərir.
Taliban silahlı qruplaşmasının sözçüsü Zabiualla Mucahid Menapalın qətlinə görə məsuliyyəti üzərlərinə götürdüklərini deyib, bunun hədəfli hücum olduğunu deyib.
Bu qətlin törədildiyi bir vaxtda BMT-nin Təhlükəsizlik Şurası Əfqanıstan hökumətinin, Norveç və Estoniyanın xahişilə bu ölkədəki təhlükəsizlik durumunu müzakirə edəcək.
“Təəssüf ki, yırtıcı terrorçular yenidən qorxaqcasına hərəkət edərək vətənpərvər əfqanı şəhid ediblər”, – Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanikzay deyib.
Həftənin əvvəlində Əfqanıstanın müdafiə naziri əvəzinin iqamətgahına, eləcə də Əfqanıstan təhlükəsizlik xidmətinə yaraqlı hücumları olmuşdu.
Avqustun 3-də silahlılar Maydan Vardak vilayətində bir valini öldürüblər. Taliban komandirləri silahlılara Əfqanıstan və ABŞ raket zərbələrinə cavab olaraq hökumət rəsmilərini hədəfə alacaqlarına and içiblər.
Bu həftə BMT və humanitar qruplar Talibanın intiqam məqsədilə dinc sakinləri hədəfə almasından əndişələndiyini bildirib. Hücumların vilayət paytaxtları daxil olmaqla əhali yaşayan yerlərə yönəldiyi qeyd olunur.