“ABŞ və Rusiya yalnız Türkiyə ilə hesablaşırlar, çünki gücünə bələddirlər”-
Çin mətbuatı
Türkiyə NATO-nun üzvüdür, buna baxmayaraq, Rusiya ilə isti münasibətləri soyutmur. Çin mətbuatı bu nüansa xüsusi diqqət ayırıb. Türkiyə ABŞ-ın qəzəbinə məhəl qoymur. Rusiya ilə əmıkdaşlıq davam edir. Ankara Vaşinqtonun sanksiyalarına fikir vermədən Moskvadan silah alır.
Çin mətbuatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenə Rusiya ilə anlaşması barədə yazı dərc olunub. Burada Ankaranın Yaxın Şərq məsələlərində də Vaşinqtonun sözünə baxmaması qeyd edilib.
Avqustun 23-də “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev yaxın zamanlarda Rusiyanın “Triumf” C-400 raket sisteminin Türkiyəyə çatdırılmasıyla bağlı yeni müqavilə imzalanacağından danışıb.
O, ölkələr arasında bu qəbildən ikinci anlaşmaya imza atılacağını bildirib.
Hələ 2017-ci ildə tərəflər 2 milyard dollarlıq silah alveri ilə bağlı anlaşmışdı.
2019-cu ilin iyulunda Rusiya Türkiyəyə C-400 kompleksinin 4 divizionunu çatdırmışdı. Münasibətlər Ərdoğanın Krım məsələsində Ukraynanın yanında olmasını söyləməsindən sonra korlanmışdı. Belə görünür ki, aradakı istilik yenə bərpa olunacaq.
Yüksək müdafiə qabiliyyəti və əlverişli strateji mövqeyi Türkiyəni NATO-da ikinci qüvvəyə çevirib. Ankaranın Kremllə yaxınlaşmasından ehtiyatlanan Vaşinqton Ərdoğan hökumətinə silah alveri məsələsində az təzyiq göstərmir. ABŞ 2017-ci ildə silah alveri anlaşmasının imzalanması zamanı böyük narazılıq ifadə etmişdi.
Vaşinqtonun narahatlığı ondadır ki, Türkiyənin Rusiya raketlərinə meyl etməsi amerikalıların F-35 qırıcısının göstəricilərinin əldə olunmasına xidmət edə bilər. Bu isə Şimali Atlantika Alyansı üçün başağrısı deməkdir. Məhz C-400 kompleksi ilə bağlı anlaşmadan sonra ABŞ Türkiyəyə F-35 satmağa qadağa qoymuşdu. Yasaq isə həm də Ankaranın Kremllə yaxınlaşmasına xidmət edir.
Çin mətbuatı yazır ki, Ərdoğan bu dəfə xüsusilə ağıllı davranıb. O, yeni müqaviləniin imzalanması üçün tam uyğun zaman seçib. ABŞ-ın prezidenti Co Baydenin başı Əfqanıstan məsələsinə qarışanda Rusiya ilə ikinci anlaşmanın tədarükü görülüb.
Yazılarda daha bir maraqlı məqam həm ABŞ-ın, həm də Rusiyanın bölgədə yalnız Türkiyə ilə hesablaşmasının xüsusi qeyd edilməsidir. Böyük dövlətlər Ankaraya münasibətdə ehtiyatlı davranır. Çünki Türkiyə ordusunun gücünə bələddirlər. Ankara da balansı qorumağa çalışır. C-400 kompleksinin alınmasına baxmayın, ABŞ-ın “Patriot”unu əldə etmək də unudulmur.
Çin mətbuatı onu da yazır ki, Türkiyə “bir güllə ilə iki dovşan vurur”. Ankara bir tərəfdən Vaşinqtona müdafiə haqqını ödəyir, “bizim adam” obrazında qaldığını göstərməyə çalışır. Digər tərəfdən isə Rusiyaya başqa kompleksləri almaq imkanının olması mesajı verilir.
Rusiya ilə ABŞ Türkiyənin gizli məramını ortaya çıxarsa da, münasibəti korlamağa cürət etməz. Çünki Ankara qədər Yaxın Şərqə təsir göstərə biləcək ikinci ölkə yoxdur. Türkiyə böyük dövlətdir və bunun qaydalarına uyğun davranır.