İran generalından Kürdüstan muxtariyyətinə xəbərdarlıq:
“Zəruri cavab veriləcək“
"İraqın şimal bölgəsindəki terrorçu və silahlı qrupların İranın sərhəd bölgələrində təhlükə yaratması, bu vəziyyətin davam etməsi dözülməzdir və terrorçulara zəruri cavabı verəcəyik".
"Sepah News" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) quru qüvvələrinin komandanı general Məhəmməd Pakpur bildirib.
Onun sözlərinə görə, Şimali İraqdakı Kürdüstan Regional Hökuməti (KRH) rəsmilərinə İrana sızan və İslam Respublikası üçün təhlükə törədən qruplar barədə dəfələrlə xəbərdarlıq edilib.
"İllərdir terrorçu və əks-inqilabçı qrupların qlobal güclərlə əlaqəsi var. Xarici kəşfiyyat xidmətləri terrorçu qruplardan istifadə edərək İran İslam Respublikasının sərhəd bölgələrində təhlükəsizliyi və sabitliyi pozur, sərhədyanı bölgələrdə yaşayan insanları təhdid edirlər. Onlar Şimali İraq coğrafiyasından istifadə edirlər. Bu barədə Şimali İraqdakı səlahiyyətlilərə xəbərdarlıq edilib", - deyə general vurğulayıb.
O, İraq hökuməti və KRH-nin terrorçuların dolaşmasına və İrana qarşı təhdid yaratmaq və bu ərazidə qərargah qurmasına icazə verməməli olduğunu qabardıb:
"Bölgədəki vəziyyəti və İraqın şimalında yuva qurmuş düşmənləri xəbərdar edirik. İslam Respublikasının qəti və sarsıdıcı cavabvermə ehtimalını nəzərə alın. Bölgə sakinləri zərər görməsinlər deyə indidən terror bazalarından uzaqlaşın!"/yenisabah