Rusiyada Kadırovu tənqid edənin atasını və qardaşını oğurlayıblar
Ramzan KadırovÇeçenistanın rəhbəri Ramzan Kadırovu tənqid etmək çox təhlükəlidir. Respublikanın rəhbəri kinli olduğunu özü də gizlətmir. Bir dəfə canlı yayımda anonim adla tənqidi ifadələr işlədənə onu tapmaq üçün hər şeyi edəcəyini demişdi.
Rusiya KİV-i xəbər verir ki, Rusiyada Kadırovu tənqid edənin atasını və qardaşını oğurlayıblar. Türkiyədə məskunlaşmış Həsən Xalitovun yaxınlarını Açxoy-Martanovsk rayonunda yaşadığı evdən aparıblar. Kadırovun əleyhdarı özü bu barədə mətbuata məlumat verib.
Çeçen fəalın 75 yaşlı atası Qəni Xalitovun və 46 yaşlı qardaşı Ramzan Xalitovun harada olduğu bilinmir. Həsən Xalitovun əkiz qardaşı Hüseynin də Moskvadan Çeçenistana gətirildiyi bildirilir. Çeçen fəalın dediyinə görə, yaxınları onunla əlaqəni tənqidçi mövqeyinə görə kəsib. Baş verənləri də həmkəndlilərindən və anonim blogerlərdən eşidib. Həsən Xalitov adam oğurluğunun İstanbulda Kadırovun tərəfdarının döyülməsinə cavab olduğunu düşünür.
“Mən “Security Turkey” “Telegram” qrupuna bizim rayonda Kadırov tərəfdarlarına bənzətdiyim bir neçə şəxsin fotosunu göndərmişəm. Onlar bura açıq-aşkar xoş niyyətlə gəlməyiblər. Burada qohumları oğurlanan, işgəncə görən, həyat yoldaşı zorlanan Çeçenistandan gəlmiş adam çoxdur. Məni də öldürmək istəyiblər. Öldürməsələr, sakitləşməyəcəklər. Mənim paylaşımımdan sonra uşaqlar həmin Kadırovçunu tapıb sahbət etmişdilər. O, heç nəyə görə təəssüf etmədiyini, güc strukturunda işlədiyini demişdi. Bundan sonra onu döymüşdülər”.
Ramzan Kadırovun tərəfdarının döyülməsi xəbəri sentyabrın 6-da yayılmışdı. Onun Rusiya mətbuatında peyda olan səsyazısında 42 yaşı olduğu, 17 ildir höklumətə işlədiyi bildirilirdi.
Döyülənin sözlərinə görə, 2004-2019-cu illərdə Əhməd Kadırov adına alayda xidmət edib. Onun İstanbulda vətənə qayıtmaq istəyən bir dəstə çeçenlə görüşdüyünü, onların problemlərinin həll etməyə hazır olduğunu dediyi məlumdur. Amma iddiaya görə, Kadırov tərəfdarına inananlar Çeçenistana çatan kimi həbs olunublar. Bundan sonra onun özünü İstanbulda tapıb döyüblər. Kadırovçunun döyülməsini çeçen fəallar Türkiyədə bayram kimi qeyd ediblər.