“Delimitasiya və demarkasiyaya başlamaq lazımdır”-
Ermənistan baş nazirinin müavini
“Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə başlamaq lazımdır”.
Bu sözləri Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan “Armenpress” dövlət agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatını şərh edərkən deyib.
Zaxarova demişdi ki, Qafan-Gorus yolunda baş verən insidentlər Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə prosesin başlanmasının zəruri olduğunu bir daha nümayiş etdirib.
Rusiya XİN-in sözçüsü onu da bildirmişdi ki, Moskva Bakı və Yerevana bu proses üzrə təkliflərini verib və onlardan tez bir zamanda cavab gözləyir: “Biz Ermənistan və Azərbaycan sərhədinin ayrı-ayrı sahələrindəki vəziyyəti diqqətlə izləyirik. Vorotan kəndi yaxınlığındakı vəziyyət də daxil situasiyanın inkişafı, Ermənistan-Azərbaycan sərhədində delimitasiya prosesinə tez bir zamanda başlanmasının və bunun ardınca bütün sərhəd boyunca demarkasiya aparılmasının tələb olunduğunu bir daha nümayiş etdirir”.
Zaxarova bildirmişdi ki, Rusiya bununla paralel olaraq regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üçün birgə səyləri davam etdirəcək.