Sabiq nazir polisləri evində və həyətində qul kimi işlədirmiş…
Gununsesi-nin məhkəmə materiallarından əldə etdiyi özəl məlumata görə, Ə.Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz yaxın qohumlarının işə gəlməməsinə göz yumub, nəticədə, onlara dövlət büdcəsi hesabına əsassız olaraq əməkhaqqı ödənilib.
Həmin polis əməkdaşlarına öz cibindən pul vermək əvəzinə, polis kimi işə çıxmadıqları halda dövlət büdcəsindən onlara əməkhaqqı verib. Bununla da dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
Onun qardaşı 2015-2017-ci ilin iyul ayınadək olan dövrdə 17 dəfə müxtəlif müddətlərdə ayrı-ayrı xarici ölkələrdə olub, işə çıxmadığı halda ona dövlət büdcəsindən 85 425 manat əməkhaqqı ödənilib.
Digər qardaşını isə 2012-ci ildən Polis Şöbələrindən birinə, 2013-cü ildən isə Ordubad RPŞ Biləv Polis Bölməsində vəzifəyə təyin edib. Həmin qardaşı da işə çıxmasa da, 2012-2017-ci illərdə ona 44 744 manat əməkhaqqı ödənilib.
Əhməd Əhmədov evində qulluqçu işləyən şəxsi isə Babək Rayon Polis Şöbəsinin əməkdaşı kimi sənədləşdirərək, ona dövlət büdcəsindən 2015-2017-ci illərdə 4 624 manat əməkhaqqı ödənilməsinə şərait yaradıb.
Kəngərli RPŞ-nin dörd polis əməkdaşı nazirə məxsus olan Kəngərli rayonundakı yonca sahələrində otbiçən kimi işləyiblər. Onların hər birinə iki il ərzində dövlət büdcəsindən 14-16 min manat maaş verilib.
Nazirin qohumları olan və Babək RPŞ-də təhqiqatçı, operator, Ordubad RPŞ-də təhqiqatçı, Şahbuz RPŞ-də əməliyyat müvəkkili kimi vəzifə daşıyan şəxslər ümumilikdə 310 min manatdan çox maaş alsalar da, heç vaxt işə çıxmayıblar.