İranın xarici işlər naziri də TƏHDİD ETDİ:
"Bölgədəki dəyişikliklərə dözməyəcəyik”
Bunu “İRNA” agentliyinə İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian deyib.
"Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi. İsrail fürsətdən maksimum istifadə etməyə çalışdı və İran sərhədlərinə yaxınlaşmaq üçün uğursuz cəhdləri nəticəsində Azərbaycanın bir sıra bölgələrində varlığını qurdu”,-deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, İran öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğundan narahat olduğunu dilə gətirib və bu barədə diplomatik kanalları vasitəsilə Bakıya məlumat verib.
İranın enerji resurslarının Ermənistana və Qarabağa yönəlməsi ilə bağlı son vaxtlar yaşanan problemlərə toxunan nazir, iki iranlı sürücünün Azərbaycan tərəfindən həbsini qəbuledilməz adlandırıb.
O həmçinin bildirib ki, İran hökuməti qonşu ölkələrlə əməkdaşlığı genişləndirməyə sadiqdir.
"Biz Azərbaycandakı vəziyyəti anlayırıq və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq", - Hüseyn Əmir Abdollahian deyib.
Hüseyn Əmir Abdollahian onu da qeyd edib ki, əcnəbi “oyunçular”ın Tehranla Bakı arasında uzun müddətdir davam edən münasibətlərə təsir etməsinə icazə verilməməlidir.