“Lukoil” Azərbaycanın “Şahdəniz” layihəsindəki payını 15.5 faiz artırır
Rusiyanın “Lukoil” şirkəti Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağındakı payını artırır. Bu haqda şirkətdən ötən gün yayılmış açıqlamada deyilir. Açıqlamaya əsasən “Lukoil” “Petronas” şirkətindən “Şahdəniz” layihəsindəki 15.5 faizlik payını almaq barədə razılaşma imzalayıb. Sövdələşmənin dəyəri 2.25 milyard dollardır. Sövdələşmə bəzi şərtlərin yerinə yetirilməsindən, o cümlədən SOCAR-ın razılığından sonra qüvvəyə minəcək.
“Rusiya kapitalının iştirak etdiyi minlərlə şirkətlə yanaşı “Lukoil” Rusiya-Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərinin inkişaf etdirilməsinə dair 2018-ci ildə dövlət başçılarının danışıqlarının gedişində imzalanmış fəaliyyət planının həyata keçirilməsinə inteqrə olunublar. Bizim “Şahdəniz” layihəsindəki payımızın artırılması milli iqtisadiyyatların perspektiv sahələrində yeni sinergiya imkanları açır”,-şirkətin prezidenti Vahid Ələkbərov bildirib.
Qeyd edək ki, “Şahdəniz” yatağındakı 15.5 faizlik pay əvvəllər Norveçin “Statoil” şirkətinə məxsus idi. 2015-ci ildə Norveç şirkəti öz payını Malayziyanın “Petronas” şirkətinə sataraq bu qaz layihəsini tərk edib.
Bir neçə gün əvvəl isə “Lukoil” Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsində yerləşən kəşfiyyat layihəsindəki payının 25 almaq barədə sövdələşmə imzalamışdı. Bu sövdələşmənin 2021-ci ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Həmin layihədəki üçüncü iştirakçı 50 faiz paya sahib olan SOCAR-dır.
Rusiya şirkətinin Azərbaycanın Xəzərdəki neft-qaz layihələrində iştirakını genişlənməsi Qərb şirkətlərinin bu layihələrdən çəkilməsi ilə paralel baş verir.