“Onlar artıq sərhəddədirlər...”- Əfqanıstan beynəlxalq terror ocağına çevrilə bilər…

“Qeyri-legitim hökumət, insan haqlarının pozulması, qanlı terror aktları və iqtisadi çöküş” - Tacikistanın müdafiə naziri Şerali Mirzo Əfqanıstanda vəziyyətin kritik həddə yaxınlaşdığını etiraf edib.
Onun fikrincə, qonşu ölkə humanitar fəlakətin astanasındadır və çox tezliklə beynəlxalq terror ocağına çevrilə bilər.
KTMT regionda hərbi mövcudluğunu gücləndirir.
Orada baş verənlər haqqında “RİA Novosti”nin materialını oxucularına təqdim edirik.
Daha çox liberalizm
Əfqanıstan İslam Əmirliyində gündəlik həyat həqiqətən də dinc və sakit həyatdan uzaqdır. Həftə sonu Heratda əsl qırğın baş verib. Taliblər adam oğurlayan dəstənin qarşısını almağa çalışıb. Atışma baş verib. Uşaqlar da daxil olmaqla, 17 nəfər ölüb.
Yeni hakimiyyət isə vəziyyətə tam nəzarət edə bilmir. Ölkədə etirazlar davam edir və onları zorla yatırmaqdan çəkinmirlər. Xırda büdcə göz qabağında əriyir, “sosial sfera” tənəzzülə uğrayır, heç bir perspektiv yoxdur.
Taliblər var qüvvəsiylə müttəfiq və himayədarlar axtarışındadır. Bir neçə gün əvvəl onların nümayəndə heyəti maliyyə olmasa da, heç olmasa siyasi dəstək almaq üçün Moskvaya səfər etmişdi.
Bununla belə, Kreml əfqan islamçılarının 1990-cı illərdə çeçen qruplaşmalarına silah və döyüşçülərlə gizli yardım etdiyini yaxşı xatırlayır və diplomatik tanımağa tələsmir.
Rusiya Xarici İşlər Nazirliyində aparılan danışıqların nəticələrinə görə, əmirlik hökuməti daxili siyasətdə daha çox liberalizm nümayiş etdirməlidir.

“Taliban” yaraqlıları Kabildə
Buna baxmayaraq, Moskva simvolik bir jest etdi. Rusiya prezidentinin xüsusi nümayəndəsi Zamir Kabulov bazar ertəsi ABŞ və Avropa ölkələrini Əfqanıstanın dondurulmuş maliyyə aktivlərini açmağa çağırıb.
Söhbət Vaşinqton və Aİ-nin yeni hökumətin dünyaya adekvatlığını sübut edənə qədər saxlamağa qərar verdiyi doqquz milyard dollardan gedir.
Ölkəyə isə pul hava-su kimi lazımdır. Mütəxəssislərin fikrincə, xəzinəni tez doldurmağın yeganə alternativ yolu tiryək üçün xaşxaşın becərilməsi və müvafiq olaraq heroinin ixracının kəskin artırılmasıdır.
Üstəlik, əfqan opiumçularının əsas bazarı Rusiyadır və ABŞ çətin ki, əsas geosiyasi rəqibə əlavə problemlər yaratmaq imkanından əl çəksin. Nəticə etibarilə, “Taliban” artıq milyardlarından əl çəkə bilər.
Mövqelərin gücləndirilməsi
Qonşu Tacikistanda ötən həftəsonu KTMT ölkələrinin qoşunlarının birdən-birə üç - “Axtarış-2021”, “Qarşılıqlı fəaliyyət-2021” və “Eşelon-2021” təlimləri başa çatıb.
Təlimlərdə müttəfiq orduların dörd mindən çox hərbçisi və beş yüzdən çox hərbi texnika, o cümlədən taktiki aviasiya iştirak edib.
Əsgər və zabitlər beynəlxalq terrorçuların KTMT üzvlərinin ərazisinə mümkün daxil olmasından sonra sərhəddə silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat hazırlayıblar.

Harbmaydon poliqonunda “Qarşılıqlı fəaliyyət-2021” təlimi zamanı T-72 tankında olan hərbçi
Əsas güc Düşənbə, Kulyab və Boxtarda yerləşən Rusiyanın 201-ci hərbi bazasının əsgərlərinin üzərinə düşür. Onlar taliblər qonşularına hücum etməyəcəyi ilə bağlı vədlərini unudacağı təqdirdər regionda KTMT qüvvələrinin dayağına çevriləcəklər.
Rusiya Müdafiə Nazirliyi bu bölmənin strateji əhəmiyyətini yaxşı dərk edir və avqust ayından ardıcıl olaraq onu ən müasir texnika və silahlarla təchiz edir.
Bazanın qərargah rəisi, polkovnik Yevgeni Oxrimenko jurnalistlərə bildirib ki, ilin sonuna kimi təkmilləşdirilmiş xüsusiyyətlərə malik otuz T-72B3M tankı buraya köçürüləcək.
201-ci bazaya AK-12 avtomatları, “Verba” portativ zenit-raket kompleksləri, təkmilləşdirilmiş BMP-2M “Berejok”, “Linza” sanitar zirehli maşınları, yüksək mənzilli və güclü piyada reaktiv alov qurğuları, “Kornet” tank əleyhinə raket sistemləri, həmçinin 12,7 mm-lik ASVK-M “Kord” tipli snayper tüfəngləri toplanıb.
Partlayışlar yalnız başlanğıcdır
KTMT ölkələri liderlərinin İŞİD-in bölgəyə nüfuz edəcəyindən ehtiyat etməsi heç də səbəbsiz deyil. Heç kimə sirr deyil ki, İŞİD yaraqlıları uzun müddətdir Əfqanıstanda məskunlaşmağa çalışırlar. Və taliblərdən fərqli olaraq, onlar sərhədlərdə dayanmayacaqlar. İŞİD yeni Əfqanıstan hökuməti ilə barışmaq niyyətində deyil və artıq onların təhlükəsizlik sisteminin gücünü sınayır.
Sentyabrda və oktyabrın əvvəllərində paytaxt regionu da daxil olmaqla, Əfqanıstanın bir neçə vilayətində çoxlu partlayışlar, silahlı hücumlar və atışmalar baş verib.
Qurbanlar arasında həm taliblər, həm də mülki şəxslər var. Bəzi terror aktlarına görə məsuliyyəti “Xorasandakı İslam Dövləti” qruplaşması öz üzərinə götürüb.
Hər şey iki yüzə qədər yerli və onlarla ABŞ hərbçisinin öldürüldüyü Kabil hava limanında kamikadze partlayışları ilə başladı.

Kabil hava limanında “Qətər Airways” şirkətinin təyyarəsinə minən sərnişinlər
İŞİD yaraqlıları həbs olunur, məhv edilir, gizlənməyə məcbur olurlar, lakin yenə də özlərini dönə-dönə xatırladırlar. Son hücumlar “Vilayəti Xorasan”ın Əfqanıstan İslam Əmirliyi ilə güc və nüfuz uğrunda rəqabətə hazır olduğunu sübut edir.
Ölkə yenidən böyük müharibə ilə üzləşə bilər və bundan kimin qalib çıxacağı hələ məlum deyil.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: