Roma papası Ermənistan prezidentini Vatikanın ən ali mükafatına layiq gördü...
Roma Papası Fransisk Ermənistan prezidenti Armen Sarkisyanı “Ermənistanla müqəddəs taxt-tac arasında əlaqələrin inkişafına verdiyi böyük töhfəyə görə” IX Piy Papa Ordeni ilə təltif edib.
Bu haqda erməni mediası məlumat yayıb.
Ermənistanda rəsmi səfərdə olan müqəddəs taxt-tacın dövlət katibinin müavini deyib:
“Papa mənə Vatikanın ali mükafatını sizə təqdim etməyi tapşırıb. İrəvanda Apostol Yeparxiyasını açmaqla biz bir xristian xalqının bizim üçün əhəmiyyətini dünyaya göstərmək üçün çox yüksək səviyyədə əlaqələr qurmaq istəyirik”.
Qeyd olunub ki, prezident Sarkisyan Ermənistanda və regionda yeganə şəxs olaraq müqəddəs taxt-tacın ali mükafatına layiq görülüb.
Prezident Sarkisyan vurğulayıb ki, bu yüksək mükafatı almaq onun üçün böyük şərəfdir.
“Mən bunu təmənnasız fəaliyyətimə verilən qiymət kimi qəbul edirəm, çünki o, Ermənistanın müqəddəs taxt-tacdakı ilk səfiri olduğumu etiraf edir. Mən həmişə çalışmışam ki, Ermənistanla Vatikan arasında sıx münasibətlər olsun. Buna görə də daha çox işlər görəcəyimə söz verərək bunu qəbul edirəm”- deyə ölkə prezidenti bildirib.
Xatırladaq ki, Ermənistan prezidenti A. Sarkisyan oktyabrın 11-də Vatikanda rəsmi səfərdə olmuş və Roma papası ilə görüşmüşdü.