Ermənistan müdafiə naziri Qarabağda erməni səngərlərini gəzdi…- VİDEO

Belə bir xəbərin məhz Zəfər Günündə Şuşada səfərdə olan dövlət başçısı İlham Əliyevin Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşdüyü bir vaxtda yayılması planlaşdırılmış senarinin tərkib hissəsinə bənzəyir...
Xəbər verdiyimiz kimi, dünən –noyabrın 8-də erməni mediası Ermənistan müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən keçərək Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”larının məsuliyyət zonasındakı əraziyə gəlməsi haqda informasiya yayıb.

Globall.az xəbər verir ki, noyabrın 8-i axşam saatlarında erməni saytlarında A.Karapetyanın Qarabağ səfərini əks etdirən video-görüntülər də təqdim edilib.
Dünənki xəbərdə Ermənistan müdafiə nazirinin guya Xankəndinə gizli şəkildə gəlib-getməsi bildirilsə də, sözügedən videoda A.Karapetyanın avtomobil karvanının, səhv etmiriksə, Rusiya hərbi kontingentininn Şuşa rayonunun Turşsu qəsəbəsindəki nəzarət-buraxılış postundan sərbəst keçərək Şuşa istiqamətində getməsi aydın görünür...
A.Karapetyan yalnız Xankəndində hərbçilərlə müşavirə keçirməyib, həmçinin, Qarabağda Azərbaycan ordusuyla təmas xəttində yerləşən erməni hərbi hissələrindən birində də olub, səngərləri gəzib, Azərbaycan mövqelərinin müşahidə edib.
İşğalçı ölkənin müdafiə naziri Qarabağda faktiki hərbi xidmət keçən bir sıra erməni hərbçilərini də mükafatlandırıb.
Qeyd edək ki, bəzi erməni saytlarında A.Karapetyanın noyabrın 6-da Qarabağa ikigünlük səfərə gəldiyi göstərilib. Onun 7 noyabrda Zəngəzura getdiyi, Qaragöl ətrafına baş çəkdiyi, dövlət sərhədinin bərpasından danışdığı da bildirilir...
Bütün hallarda belə bir xəbərin məhz dünən – Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş Şuşada Zəfər Gününün qeyd olunduğu, həmçinin Şuşada səfərdə olan dövlət başçısı İlham Əliyevin orada Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşdüyü, eləcə də guya Azərbaycan hərbçiləri tərəfindən Şuşa yaxınlığında “dinc ermənilərə atəş açılması və 22 yaşlı gəncin öldürülməsi, 3 nəfərin yaralanması” haqda təxribatçı informasiyaların meydana çıxdığı bir vaxtda yayılması planlaşdırılmış senarinin tərkib hissəsinə bənzəyir.
Görünür, bu günlərdə - 10 Noyabr razılaşmasının ildönümündə Rusiya prezidenti V.Putinin iştirakıyla Moskvada İlham Əliyev və Nikol Paşinyanın gözlənilən görüşünün alınmaması (?) təsadüfi deyil...
Oxunub: 286
Xəbəri paylaş
Paylaş: