Silsilə cinayətlər törədən “fizika müəllimi” və dəstəsi yaxalandı -
Göygöldə xüsusi əməliyyat /FOTO
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayonun Çaykənd kənd sakini Elnur Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub.
Araşdırmalar zamanı məlum olub ki, həmkəndlisinə məxsus ümumi dəyəri 900 manat olan 7 baş keçini tanışı Səyyaf Məmmədovla birlikdə oğurlayan E.Hüseynov bundan başqa digər tanışı Qalib Məmmədovla birlikdə kənd sakininə məxsus ümumi dəyəri 3 000 manat olan 3 baş iribuyunuzlu mal-qaranı da oğurlayıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərdən E. Hüseynov və Q. Məmmədovun cari ilin aprel ayında rayonun Toğanalı kəndində yerləşən “Göyəzən” adlı kafeyə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etmək istəmələri, oğurlanacaq hər hansı bir dəyərli əşya tapmadıqda isə obyekti yandıraraq restoran sahibinə 45 000 manat dəyərində maddi ziyan vurduqları məlum olub.
Sonuncu olaraq saxlanılan şəxslərin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman Q. Məmmədovun evindən 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, həmin avtomata məxsus 2 ədəd daraq və 58 ədəd avtomat gülləsi aşkar edilərək götürülüb.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı, Göygöl rayon Çaykənd kənd məktəbində fizika müəllimi işlədiyini bildirən E.Hüseynov və digər şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.
Faktla bağlı Göygöl RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.