Qulu Məhərrəmli:
“Əli bir çox şeydən üzülən insanlar çıxış yolunu sayt açmaqda görür”
Hər ötən yeni gündə yeni saytların fəaliyyətə başladığının şahidi oluruq. Bəs bu saytları nə qədər ciddi media qurumu hesab etmək olar?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli bunu bir zamanlar qəzetlərin sayının yağışdan sonra göbələk kimi artmasına bənzətdi:
“Hazırda yeni saytların sayca çoxalması bir reallıqdır və bunu şərtləndirən amillər var. Birinci növbədə saytların açılması, onların vasitəsi ilə informasiyaların verilməsi əl çatandır, əlverişlidir və ucuz başa gəlir. Xüsusi bir lisenziya tələb edilmir.
Amma Azərbaycan reallığında necə ki, yağışdan sonra göbələk kimi qəzetlərin sayının artması cəmiyyətdə narazılıq yaradırdı ki, qəzetlərin sayı çoxdur, keyfiyyətsiz materiallar çap olunur, media mühitini korlayırlar. İndi həmin təhlükələr eyni ilə yeni çıxan saytlara aiddir.
Azərbaycanda bu gün keyfiyyətli və keyfiyyətsiz saytlar var. Keyfiyyətsiz sayt kateqoriyasına bu saytlardan media vasitəsi kimi deyil, şəxsi maraqları üçün istifadə edənlərin saytları daxildir. Baxırsan ki, saytın nə dizaynı, nə məzmunu, nə də materialların yenilənməsi medianın işini görmür.
Burada Kütləvi İnformasiya vasitələrinə verilən tələblər, məlumatları yeniləmək, cəmiyyəti ifadə etmək kimi xəbərlər nəzərə çarpmır. Bəs bunların əvəzində nə görürük?
Saytlarda insanların şəxsi həyatlarına müdaxilə, şantaj tipli materialların sayının çoxluğunu. Əli bir çox şeydən üzülən insanlar çıxış yolunu sayt açmaqda görür. Buna da müvəqqəti baxıram. Çünki heç kimin oxumadığı sayt təbii ki, uzun müddət duruş gətirə bilməyəcək.
Ona görə də belə saytlara qarşı biz yalnız onları oxumamaq, sayta giriş etməməklə reaksiya verə bilərik. Bu ciddi məsələ deyil, tədricən ötüb keçəcək”.