Ukrayna XİN-dən Rusiyanın ABŞ və NATO-ya təklif etdiyi saziş layihəsinə reaksiya
Ukrayna “təhlükəsizlik zəmanəti”nə dair Rusiyanın ABŞ və NATO ilə imzalamaq istədiyi saziş layihələrinə münasibət bildirib.
APA-nın xəbərinə görə, bu barədə Ukrayan XİN-in mətbuat katibi Oleq Nikolenko bəyanat yayıb.
"Bu saziş layihələrinin Ukraynaya aidiyyəti olan müddəaları kontekstində vurğulayırıq ki, yalnız Ukrayna və NATO-ya üzv dövlətlər bizim münasibətlərimizin gələcək inkişaf istiqaməti, o cümlədən Ukraynanın alyansa üzv olması məsələsi barədə qərar qəbul etmək etmək hüququna malikdir",-deyə Ukryana XİN-in sözçüsü bildirb.
O qeyd edib ki, NATO da bu mövqeyi bölüşür.
"Eyni yanaşma Ukraynanın ikitərəfli səviyyədə xarici dövlətlərlə münasibətlərinin kursunu müəyyənləşdirmək üçün müstəsna suveren hüququna da aiddir, bura həmçinin hərbi əməkdaşlıq daxildir.
Biz hamılıqla qəbul edilmiş faktı vurğulayırıq: bu gün Avro-Atlantika məkanı üçün əsas təhlükəsizlik problemi Rusiyanın silahlı təcavüzü, eləcə də Ukrayna sərhədində və onun işğal olunmuş ərazilərində Rusiyanın hazırkı eskalasiyasıdır. Rusiyanın başlatdığı beynəlxalq silahlı münaqişənin gərginləşməsinin dayandırılması qitədə təhlükəsizliyin ən yaxşı təminatıdır", bəyanatda qeyd olunur.
Ukrayna XİN ilkin addım kimi Rusiyanı dərhal və qeyd-şərtsiz konstruktiv gündəliyə qayıtmağa, Minsk və Normandiya sazişlərini, o cümlədən 2019-cu il Normandiya Dördlüyü Zirvəsində atəşkəs rejiminə ciddi şəkildə riayət olunması ilə bağlı ümumi razılaşdırılmış nəticələri həyata keçirməyə, qüvvələrin və texnikaların geri çəkilməsinə, minatəmizləmə prosesinin davam etdirilməsinə, Paris Sammitinin ümumi razılaşdırılmış nəticələrinin siyasi aspektlərinin həyata keçirilməsinə, təmas xəttində yeni nəzarət-buraxılış məntəqələrinin açılması və onların lazımi şəkildə fəaliyyətinin təmin edilməsinə, həbs edilmiş şəxslərin azad edilməsi və müvafiq siyahıların mübadiləsinə çağırır.