“Məlum oldu ki, bir insanın 30-a yaxın qəzet və saytı var”-
Əflatun Amaşov
“Reket jurnalistikası hər zaman olub, olacaq. Jurnalistlər təsəvvürlərinə gətirməsinlər ki, başqa dövlətlərin mediası təmiz olub və indi də belədir. Hər bir dövlətdə, ölkədə bu sayaq hal baş verir”.
Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, sovet dövründə də bu kimi hallar var idi, amma sayları az idi.
“Çünki daha çox çəkinirdilər. O zaman qəzetlərin sayı az idi, saytlar yox idi və insanlar özləri üçün hər hansı media vasitəsi yarada bilmirdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra reket anlayışı daha da genişləndi. Səbəb media azadlığıdır, məncə yox”.
Ə.Amaşov qeyd edib ki, müstəqillik əldə etdikdən sonra insanlar sərbəst şəkildə öz medialarını yaratamaq hüququ əldə etdilər:
“Çox təəssüf ki, bundan da bəziləri cəmiyyəti məlumatlandırmaq üçün deyil, öz şəxsi mənfəətlərini düşünmək üçün bu sayaq sayt, qəzet yaratdılar. Bir dəfə araşdırma aparanda məlum oldu ki, bir insanın 30-a yaxın qəzet və saytı var”.
Sədrin sözlərinə görə, Mətbuat Şurasına bu günə qədər 16 mindən çox şikayət gəlib və onların böyük hissəsi reketçilikə bağlı olub:
“100-ə yaxın media vasitəsinin adı mütəmadi olaraq “qara siyahı”da olub. Son zamanlar bəzi məsələləri araşdırdıq və müvəqqəti olaraq “qara siyahı”nı ləğv etdik. Bu o demək deyil ki, reketçilik yoxdur. Əgər sosial sifariş olsa, biz o siyahını yenidən davam etdirməyə hazırıq”.
Ə.Amaşov qeyd edib ki, koronavirus pandemiyası başlayandan Mətbuat Şurasına şikayət azalıb:
“Əvvəllər il ərzində 500-ə yaxın şikayətlər daxil olurdu. Şikayətlər əsasən balans prinsipinin pozulması, şəxsi həyata müdaxilə, şərəf və ləyaqətin alçaldılması ilə bağlı olurdu. Son bir ildə olunan şikayətlər hələ tam hesablanmayıb. Ona görə dəiqiq yox, təxminən deyə bilərəm ki, Mətbuat Şurasına təxminən bu il 270-280 şikayət daxil olub. Şikayətlər daha çox müəllim, həkim, kiçik işadamları tərəfindən daxil olub”.
Globall.az