DSX helikopterinin qəzası zamanı şəhid olanların ölüm səbəbi AÇIQLANDI
Bunu Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov bu gün “Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.
O bildirib ki, aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub:
“Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın detalları ilə bağlı digər həmkarlarım tərəfindən ətraflı məlumat veriləcəkdir”.
“Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.
Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən həyata keçirilir”, - deyə E.Məmmədov sonda qeyd edib./oxu.az