Ayaz Salayev ermənilərlə görüşdən danışdı - "Davam edəcək..."
"Dekabrın 23-ü və 24-də Azərbaycan və Ermənistandan bir qrup mədəniyyət xadiminin Moskvada görüşü tanışlıq xarakteri daşıyıb".
Bunu "Turan"a kinorejissor Ayaz Salayev deyib.
Görüşdə Azərbaycan tərəfdən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak edib. Ermənistan tərəfindən isə görüşə Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına Teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan qatılıb.
Kinorejissor A.Salayev həmin tədbir haqqında bunları deyib: "Görüşdük, söhbət etdik. Görüş tanış xarakterli idi deyə, daha geniş nəsə demək, hələlik, tezdir".
Onun sözlərinə görə, bu görüşlər davam edəcək.
Həmin tədbir ilə bağlı TASS da məlumat yaymışdı. Orada bildirilirdi ki, görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub: "…Moskvada 2020-ci ilin noyabrında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında gərginliyi azaltmaq üçün tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər".
Xatırladaq ki, sonuncu belə bir görüş düz 13 il bundan öncə, 2008-ci ildə keçirilib.
Oxunub: 179
Xəbəri paylaş
Paylaş: