QARABAĞDAA TORPAQLAR NECƏ BÖLÜNƏCƏK?
Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb. Bununla bağlı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti pay torpaqlarına dair çıxarışı olmayan vətəndaşlara yerlərdə səyyar qeydiyyat xidməti göstərir.
Bu istiqamətdə görülən işlər Prezidentin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, artıq ölkənin bir çox rayonlarında (Beyləqan, İmişli, Bərdə, Saatlı, Ağsu, Kürdəmir, Şamaxı, Qax, Yardımlı, Ağstafa, Sabirabad və Neftçala) vətəndaşlara səyyar qeydiyyat xidmətləri göstərilib. Mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə Xidmətin mobil ofislərinə yaxınlaşaraq pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanıblar.
Qeyd edək ki, müvafiq Fərmanın icrası çərçivəsində bu ilin dekabrın sonunadək mülkiyyət sənədləri ilə təmin edilməmiş 3 min vətəndaşın sənədlərinin qəbulu planlaşdırılır. Fərman ümumilikdə, 3 il müddətində 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutur.
Artıq uzun müddət idi ki, pay torpaqlarının sənədləşməsi ilə bağlı problemlər yaşanırdı.
Səyyar qeydiyyat xidməti bu problemin öhdəsindən gələ biləcəkmi? Eyni zamanda, işğaldan azad edilən ərazilərdə pay torpaqları necə bölunəcək?
Millət vəkili Azər Badamov bildirib ki, torpaq islahatı keçiriləndən sonra vətəndaşlara verilmiş pay torpaqlarının yerləşməsinin dəqiqliyi ilə bağlı müəyyən problemlər yaranmışdı:
“Bəzi vətəndaşların torpaq aktlarında göstərilən ərazilərdə sürüşmüş halda xəritələrdə qeyd olunub. Bunlarda düzəlişlər olunmalıdır. Düşünürəm ki, dövlət hesabına görüləcək yeni xəritələrin tətbiqi və aktların tərtibi məsələsi çox müsbət bir addımdır. Eləcə də vətəndaşları narahat edən bir məsələnin öz həllini tapması deməkdir. Səyyar xidmətlərin göstəriməsi müsbət addımdır. Bu, mövcud problemin həllinin tezləşdirilməsi üçün görülən bir işdir və vətəndaşı narahat edən məsələnin yerlərdə rahat şəkildə həllinə xidmət edəcək addımdır”.
Millət vəkili onu da qeyd etdi ki, işğaldan azad edilən ərazilərdə torpaqların verilməsi üçün ilk növbədə vətəndaşlarımız həmin əraziyə qayıtmalıdırlar:
“Həmin insanlar müəyyən olunmuş inzibati ərazilərdə yerləşəndən sonra o ərazilərdə torpaq islahatı keçiriləcək, yaxud digər bir şəkildə qayıdacaq insanlara müəyyən olunacaq qədər torpaq payı veriləcək”.