“ARTIQ SUSMAYACAĞAM!...” – Həbsdəki sabiq nazir Paşinyanı hədələdi
Vaxtilə Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələyən, hazırda isə həbsxanada olan Ermənistanın sabiq müdafiə naziri David Tonoyan Nikol Paşinyana xəbərdarlıq edib.
Bu barədə ermənilərin “Hraparak” qəzeti yazıb.
Sabiq nazirin vəkilləri bildiriblər ki, cinayət təqibinə xitam verilməsi barədə istintaqa müraciət etsələr də, buna rədd cavabı alıblar. Bu, o deməkdir ki, artıq yanvar ayında Tonoyanın işinə məhkəmədə baxılacaq və barəsində hökm çıxarılacaq.
Vəkillər istintaqın rədd cavabı ilə bağlı prokurorluğa müraciət edəcəklərini bildiriblər.
“Hraparak” isə öz mənbələrinə istinadla yazır ki, sabiq nazir vəsatətlərinin rədd ediləcəyi təqdirdə bildiyi hər şeyi açıb danışacaq: “Sabiq nazir vəkillərə bildirib ki, vəsatət rədd edilərsə, artıq susmayacaq və sensasion açıqlamalarla çıxış edəcək”. Bu, Tanoyan tərəfindən birbaşa Baş nazir Nikol Paşinyanın hədələnməsi kimi qəbul olunur.
Qeyd edək ki, Tonoyana qarşı Müdafiə Nazirliyindəki korrupsiya faktları və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri üzrə cinayət işi başlanıb. Və gələn ay istintaqın tamamlanacağı, işin məhkəməyə göndəriləcəyi gözlənilir.
Oxunub: 346
Xəbəri paylaş
Paylaş: