“Omikron“ ştamı Aİ və Avropa İqtisadi Məkanında yoluxmalarda dominant variantdır
Avropa İttifaqının Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) verdiyi məlumata görə, koronavirusun “omikron“ ştamı Avropa İttifaqı və Avropa İqtisadi Məkanında dominant variantdır.
Globall.az AZƏRTAC-a istinadən xəbər verir ki, qeyd edilən siyasi-iqtisadi məkanda koronavirusa yoluxmaların 78 faizi “omikron“ ştamının payına düşür. Əksər ölkələrdə “omikron“ əsas varianta çevrilib və digər variantları, xüsusilə “delta“ ştamını əvəzləyib. Ötən bir həftə ərzində isə yoluxmaların ümumi sayında doqquz faiz artım olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omikron“ variantına qarşı təsir göstərən xüsusi peyvənd variantı hazırlamaq üçün işçi qrup yaradıb. Hazırda aparılan araşdırmalar uğurlu olarsa, mart ayında bu ştama qarşı təsir göstərən peyvəndlərin lisenziyalaşdırılması mümkün ola bilər. Qeyd edilib ki, burada söhbət yeni peyvənddən deyil, mövcud peyvəndlərin bu ştama modifikasiya olunmuş istehsal xəttindən gedir.
Avropa İqtisadi Məkanı Aİ-yə üzv olan 27 ölkə ilə yanaşı İslandiya, Lixtenşteyn və Norveçi də əhatə edir.