Millət vəkili distant təhsilin yaratdığı çətinliklərdən danışdı

"Son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Buna paralel olaraq orta və ali məktəblərdə ənənəvi təhsilin dayandırılması ilə bağlı çağırışların artdığının şahidi oluruq. Vəziyyət həqiqətən mürəkkəbdir. Ancaq hesab edirəm, hazırkı dövrdə ənənəvi təhsildən məsafədən təhsilə keçid təhsilimiz üçün müəyyən çətinliklər yaradacaq".
Globall.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
O, çoxlarının düşündüyü kimi, ənənəvi təhsildən məsafədən təhsilə keçid etməyin asan məsələ olmadığını qeyd edib: "Dərslərin sentyabrın ortasından deyil, sonundan başlaması proqramın tam mənimsənilməsi üçün bir sıra çətinliklər yaratdı. Birinci semestrdə dərsi olan müəllimlər bu problemi açıq yaşadılar. Əlavə olaraq nəzərə alsaq ki, bu gün internet və avadanlıqlarla bağlı problemlər bir sıra bölgələrdə hələ də qalmaqdadır, məsələnin nə qədər ciddi olduğunu anlamış olarıq. Digər bir mühüm məsələ distant təhsilin ənənəvi təhsili əvəz edə bilməməsidir".
Deputatın sözlərinə görə, ötənilki məsafədən təhsil dərslərin keyfiyyətinə çox ciddi təsir etdi: "Həm orta, həm də ali təhsil müəssisələrimiz həmin dövrün acı nəticələrini bu gün yaşamaqdadır. Ona görə hesab edirəm, tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur. Virusdan kütləvi yoluxmalara gəlincə, təhlillər göstərir ki, burada gigiyenik qaydalara, maskadan istifadəyə tam əməl ediməməsi bir sıra hallarda virusun daha sürətlə yayılmasına təsir edən amillərdəndir".
Millət vəkili hər kəsin müəyyənləşdirilmiş qaydalara əməl etməsini və gücləndirilmiş 3-cü əlavə dozanı qəbul etməsini tövsiyə edib: "Hesab edirəm ki, növbəti illərdə bizi hansı "sürpriz"lərin gözlədiyini bilmədiyimiz üçün distant təhsilin hüquqi bazasının gücləndirilməsi, bu təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində səylərimizi gücləndirməliyik. Artıq bir sıra ölkələr məsafədən təhsilin araşdırılması və tətbiqinin təkmilləşdirilməsi üçün sırf distant təhsil verən təhsil müəssisələrinin yaradılması ideyaları üzərində sıx işləyirlər. Bu barədə ciddi düşünməyə ehtiyac var. Qeyd etdiyimiz kimi, irəlidə hansı yeni pandemiya növləri ilə üz-üzə qalacağımız hələ bilinmir. Prosesləri qabaqlamaq üçün bu istiqamətdə indidən düşünməyə, bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi ehtiyac var".
Oxunub: 170
Xəbəri paylaş
Paylaş:




















