"Qarabağ" oyunu uduzdu, Qurban Qurbanov ədaləti uddu
Oyun zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov atdığı ədalətli addımdan bütün dünya danışır. Belə ki, 12-ci dəqiqədən hesabda geriyə düşən Azərbaycan təmsilçisi 34-cü dəqiqədə bərabərlik qolunu vurub.
Lakin “Qarabağ”lı İbrahima Vadji topu tora əli ilə daxil etsə də, bu, hakimlərin diqqətindən yayınıb. Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığı üçün matçın baş hakimi qolu qeydə alıb. Fransa klubunun futbolçuları dərhal hakimlərə etiraz etməyə başlayıblar. Onlar hətta “Qarabağ”ın futbolçuları ilə də mübahisə ediblər. Nəticədə qarşılaşmanın polşalı baş hakimi bir neçə futbolçuya sarı vərəqə göstərib.
Yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjini yanına çağıraraq, onunla söhbətləşdikdən sonra futbolçu qolu əli ilə vurduğunu hakimə etiraf edib. Polşalı referi məhz bundan sonra qolu ləğv edib.
Globall.az xəbər verir ki,oyunu canlı izləyən deputatlar Qurban Qurbanovun bu addımı ilə bağlı modern.az-a fikirlərini bildiriblər.
Deputat Vüqar İskəndərov deyib ki, bir azərbaycanlı oğlundan bu addım gözlənilən idi:
“Bir neçə həmkarımla oyunu canlı izləyənlərdən idim. Həmişə söyləmişəm ki, bizə qarşı haqsızlıqlar olub. Avropa Liqasında “Qarabağ” klubu qədər açıq-aydın qələbəsi əlindən alınan klub yoxdur. Amma bir azərbaycanlı oğlu kimi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun hərəkətlərini dəstəkləyirəm və xalqımla qürur duydum. “Qarabağ”ın futboldakı məğlubiyyəti cəbhədəki qələbimizi hələ uzun illər kompensasiya edəcək. Qürurlu və müzəffər xalqın övladı belə etməldir.
Futbolu siyasətə qatmaq istəmirəm, amma burada siyasi çalar da var. 30 il dünya tərəfindən bizə ədalətsizlik oldu, amma biz yenə də ədaləti bərpa etməyə çalışdıq. Dünən dünyanın ən aparıcı, tanınmış saytları bu barədə yazdılar, məğlubiyyət belə unuduldu. Qurban Qurbanovun bu addımını yüksək qiymətləndirirəm. Qələbəyə bərabər məğlubiyyət oldu”.
Matçı canlı izləyən azarkeşlərdən biri - deputat Fazil Mustafa öz sosial şəbəkə hesabında oyunla bağlı fikirlərini paylaşıb.
Deputat yazısında bildirib ki, ədalətli oyun daha vacibdir:
“"Qarabağ" oyunu uduzdu. Ancaq Qurban Qurbanov ədaləti uddu. "Qarabağ" yenə də sonadək tökülmədən oynadı. İndi fikrimcə, texniki qabiliyyəti olanlar "Bazel"lə oyunda qapıdan keçən qol verilməyəndə Avropa klubunun məşqçisinin davranışı ilə əllə vurulan qolun verilməsindən sonra etiraf edilməsini təkid edən və qolu ləğv etdirən azərbaycanlı məşqiçinin müqayisəli davranışını videosüjetdə ingiliscə anlatmaq yerində olardı. Belə məsələri hökmən təbliğ etmək lazımdır. Oyundan daha önəmli ədaləti qazanmaqdır”.