Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalıdır - Stoltenberq
“Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalı və dərhal diplomatiya yoluna qayıtmalıdır”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Alyans Ukraynaya dəstəyini artırıb: “Bu gün ciddi bir böhranla üz-üzəyik. Bizim əsas vəzifəmiz üzvlərimizin təhlükəsizlyini təmin etməkdir. Ukraynadakı durumun digər ölkələrə yayılmamasını istəyirik. Bu, daha təhlükəli olar. NATO yaxın iki gündə Ukraynada vəziyyətin daha da pisləşəcəyini, ölən və yaralıların sayının artacağını düşünür”.
Stoltenberq bildirib ki, NATO Rusiyanı dərhal öz qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara başlamağa çağırıb: “Biz Rusiya prezidenti Vladimir Putini dərhal bu müharibəni dayandırmağa, öz qoşunlarını şərtsiz olaraq Ukraynadan çıxarmağa və əsl diplomatiya ilə məşğul olmağa çağırırıq”.
NATO-nun Baş katibi Ukrayna dövləti və xalqının Rusiya işğalına qarşı müqavimətini yüksək qiymətləndirib: “Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin gücünü ciddi qəbul etmədi. Əlbəttə, Ukraynaya dəstəklər də davam edir. Volodimir Zelenskinin cəsarəti sayəsində Ukrayna xalqı çox inamlı davranır. Göstərilən yardımlar çox mühümdür. Dəstəyimizi artıracağıq. 2014-cü ilə nisbətədn Ukrayna ordusunda çox inkişaf var”.