Dünyada benzin AJİOTAJI Cənubi Koreyada anti-rekord, ABŞ-da qiymət çağırışı
Ukrayna ətrafında yaranan vəziyyətlə əlaqədar neftin bahalaşması səbəbindən Koreya Respublikasında benzinin qiyməti son səkkiz ilin maksimum səviyyəsinə çatıb.
AZƏRTAC "Yonhap" agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkədə yanacağın qiymətini izləyən “Opinet” servisi məlumat yayıb.
Martın 10-da səhər saatlarında bir litr benzinin ölkə üzrə orta qiyməti 1904,35 vona (1,55 dollar) çatıb, halbuki bir gün öncə onun qiyməti 11,9 von təşkil edirdi. Beləliklə 2013-cü ilin oktyabr ayından bu yana benzinin qiyməti ilk dəfə olaraq 1900 vonu keçib. Benzinin qiymətində maksimum göstərici isə 2012-ci ilin avqust-oktyabr ayları arasında qeydə alınmışdı - bir litr üçün təxminən 2000 von.
Ekspertlərin fikrincə, qiymətlərin bahalaşmasına Ukrayna hadisələri ilə bağlı geosiyasi gərginliklər səbəbindən dünya bazarında neft tədarükünün pozulması səbəb olub. Koreyanın xam neft idxalının təxminən 5 faizi Rusiyanın payına düşür.
Cənubi Koreyanın hakimiyyət orqanları qiymət artımının qarşısını almaq üçün yanacağa tətbiq olunan 20 faizlik vergi güzəştini iyul ayının sonunadək uzatmaq qərarına gəliblər. Həmçinin hökumət vergilərin daha da azaldılması məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.
Amerika Birləşmiş Ştatlarında da benzinin qiyməti rekord səviyyəyə çatıb. Getdikcə daha çox ştatların qubernatoru və qanunvericiləri benzinə görə vergini dayandırmağa çağırırlar, çünki Rusiyadan neft idxalının dayandırılması ilə əlaqədar qiymətlər artmaqda davam edir.
İnflyasiyanın aradan qaldırılmasından ötrü benzin vergisinin ləğv edilməsi barədə təkliflər Konqresdə və ştatların paytaxtlarında hələ Ukraynada münaqişə başlanmazdan əvvəl irəli sürülmüşdü. Lakin bu həftə bu proses qiymətlərin artımı fonunda sürətlənib, çərşənbə günü 1 qallon benzinin qiyməti orta hesabla 4,25 dollar təşkil edib.
Çərşənbə günü Miçiqan və Pensilvaniyanın qanunvericilik orqanlarının respublikaçı liderləri bu ştatlarda benzin vergisini dayandırmaq və ya azaltmaq təkliflərini elan ediblər. Bu, Corciyanın Respublikaçılar partiyasından və Kaliforniyanın Demokratlar partiyasından olan qubernatorlarının Prezident Co Bayden tərəfindən çərşənbə axşamı Rusiya neftinin idxalına qadağanı tətbiq etdikdən sonra ştatların benzinin vergidən azad edilməsinə çağırışından sonra baş verib.
Eyni zamanda, Kolorado, Miçiqan, Minnesota, Nyu-Meksiko, Pensilvaniya və Viskonsin ştatlarının Demokratlar partiyasından olan qubernatorları Konqres liderlərinə ünvanladıqları birgə məktubda 2022-ci ilin sonunadək 1 qallon benzin üçün 18,4 sent həcmində federal verginin qüvvədə olmasını dayandıran qanunu dəstəkləməyə çağırıblar.
Lakin bu çağırışlarla heç də hamı razı deyil. Tənqidçilər hesab edirlər ki, qənaət edilən vəsaitin istehlakçıların xeyrinə sərf ediləcəyinə heç bir zəmanət yoxdur. Onlar ehtiyat edirlər ki, benzin vergisinin ləğvi ölkədə yeni yolların tikintisinin və mövcud olanların təmirinin maliyyələşdirilməsinə zərər vura bilər. Bununla yanaşı, yanacaqdoldurma stansiyalarında yüksək qiymətlər qanunvericiləri mümkün qədər tez hərəkətə keçməyə məcbur edir, çünki ölkə sakinləri arasında narazılıqlar getdikcə artır.