Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Ukraynadakı millətçiləri və banderaçıları (müstəqil Ukrayna üçün canını fəda etmiş Stepan Banderanın tərəfdarları) çeçen xüsusi təyinatlıları ilə döyüşdə "alnından güllə" gözləyir.
R.Kadırov Telegram kanalında yazıb: "Bizim xüsusi təyinatlılarımız artıq banderaçılar və millətçilərlə həlledici döyüşə girib, bu cinayətkarların varlığına birdəfəlik son qoymağa can atırlar. Amma qorxaq çaqqallar hücuma keçməyə cəsarət edə bilmirlər. Biz buna heç də təəccüblənmirik. Axı açıq döyüşdə çeçen xüsusi təyinatlıları ilə döyüşmək silahsız qadınları və qocaları gülləbaran etmək demək deyil. Burada hətta alnından güllə də almaq olar. Sonunda onları belə aqibət gözləyir. Buna heç bir şübhəm yoxdur".
O bildirib ki, çeçen xüsusi təyinatlıları komandir Hüseyn Mejidovun rəhbərliyi altında bir-birinin ardınca yaşayış məntəqələrini azad edərək, Ukraynanın dərinliklərinə uğurla irəliləməkdə davam edir. Kadırovun sözlərinə görə, onlar “çox əlverişli yerə malik olan meşələrdən birində banderaçılar və millətçilərin möhkəmləndirilmiş mövqeyini” tutublar. (modern.az)