Xirtdəyinəcən korrupsiyaya batmış keçmiş baş nazir
HƏBS EDİLDİ
Bolqarıstanın keçmiş baş naziri və ölkənin iri müxalifət partiyası GERB-in lideri Boyko Borisov Avropa baş prokurorunun sanksiyası əsasında həbs olunub. virtualaz.org xəbər verir ki, Borisov çoxsaylı korrupsiya əməllərində ittiham olunur və Avropa İttifaqı prokurorluğunun araşdırdığı korrupsiya cinayətləri ilə bağlı keçirilən polis əməliyyatı zamanı saxlanılıb. Məlumatı Bolqarıstanın Daxili İşlər Nazirliyi yayıb.
Boyko Borisov 10 il Bolqarıstana rəhbərlik edib və onun idarəçiliyi ötən ilin aprelində keçirilən parlament seçkilərində sona çatıb. Ötən ilin dekabrında hakimiyyətə yeni mərkəzçi koalision hökumət gəlib və ölkədə korrupsiyaya qarşı barışmaz mübarizə elan edib. Bildirilir ki, Avropa prokurorluğunun sanksiyası ilə keçirilən xüsusi əməliyyat zamanı GERB partiyasının daha üç üzvü, o cümlədən keçmiş maliyyə naziri Vladislav Qoranov həbs olunublar.
“Borisova hələlik rəsmi ittiham elan edilməyib. Polis onun evində axtarış aparır. O, Milli polisin qərargahına aparılıb və orada yəqin ki, barəsində bir sutkalığına həbs qətimkan tədbiri tətbiq ediləcək”, - keçmiş baş nazirin vəkili Menko Menkov bildirib.
Məlumata görə, Boyko Borisovun həbsi Avropa prokurorluğu tərəfindən təhqiq olunan 120 korrupsiya işi çərçivəsində həyata keçirilib. Bolqarıstanın İctimai Televiziyası bildirir ki, keçmiş baş nazirin həbsi Avropa İttifaqının Bolqarıstana ayırdığı vəsaitlərin talanması ilə bağlıdır. Əməliyyat Avropanın baş prokuroru Laura Kovesinin ötən gün Sofiyaya səfərindən dərhal sonra keçirilib. Prokuror baş nazir Kiril Petkovu korrupsiya ilə barışmaz mübarizə apardığı üçün tərifləyib. Kovesi bildirib ki, onun ofisinə Bolqarıstandakı korrupsiya əməlləri barədə çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlər əsasında prokurorlar Avropa İttifaqının pullarını dələduzluq yolu ilə mənimsəmə, tenderlərdə korrupsiya, kənd təsərrüfatına ayrılan subsidiyaların və koronavirusdan sonrakı bərpa üçün ayrılan fondlarda dələduzluq kimi epizodlar üzrə 120 cinayət işi qaldırıb. (virtualaz.or)g