Britaniya NATO kimi Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil
“Böyük Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq imkanı ilə bağlı müraciətini nəzərdən keçirəcək, lakin rəsmi London təkbaşına, bütövlükdə NATO-nun verə biləcəyi təhlükəsizliyi təmin edə bilməz”.
Bu sözləri Böyük Britaniyanın baş nazirinin müavini Dominik Raab “The Guardian” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Böyük Britaniyanın Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olması barədə qərarı müəyyən şərtlərdən asılı olacaq. Lakin o, Ukraynaya təhlükəsizlik təminatının göstərilməsi barədə nəzərdə tutulan sazişə Britaniya qoşunlarının müharibədə birbaşa iştirakına şərait yarada biləcək müddəaların salına biləcəyi ehtimalını rədd edib.
“Biz açıq şəkildə bildirdik ki, Rusiyanı birbaşa hərbi qarşıdurmaya sürükləmək fikrində deyilik. Ukrayna NATO-nun üzvü deyil”,-deyə Dominik Raab qəti mövqeyini açıqlayıb.