Azərbaycanın sabiq baş terapevti vəfat etdi
Əməkdar həkim, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov vəfat edib.
Globall.az xəbər verir ki, bu barədə universitetdən bildirilib.
Mustafa Salihov 1942-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra respublikamızın səhiyyə ocaqlarında həkim kimi çalışıb, 1971-ci ildə Aspiranturanı bitirən M. Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilib.
Vaxtilə SSRİ Səhiyyə Nazirliyinin rəhbərliyi onu Əlcəzair Xalq Demokratik Respublikasında işləmək üçün ezamiyyətə göndərib. M. Salihov 1981-1984-cü illərdə Əlcəzairdə çalışıb.
1987-ci ildə Səhiyyə Nazirliyi onu Azərbaycan Respublikasının baş terapevti vəzifəsinə təyin edib. M. Salihov bu vəzifədə 1987-1994-cü illərdə çalışıb.
2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə “Ailə təbabəti kafedrası” təşkil olunub. M.Salihov kafedraya rəhbər təyin olunub.
2010-cu ildə M.Salihova “Azərbaycanın əməkdar həkimi” fəxri adı verilib.
Allah rəhmət eləsin.