Fazil Mustafa: “Qəbuluma gələn 15 nəfərdən 10-u iş, 5-i borc istədi”
Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasındakı çıxışında Azərbaycan Prezidentinin uğurlu siyasətindən bəhs etdi.
Deputat bildirdi ki, dövlət başçısı Qarabağın azadlığına nail olmaqla Azərbaycanın 100 ildən artıq dövrdə çözülməmiş problemini çözə bildi.
Millət vəkili qeyd etdi ki, bu gün də ölkə rəhbəri istər Brüsseldə, istər Şuşada qətiyyətli addımlarını atır.
F.Mustafa ardınca vətəndaşları narahat edən məsələlərə diqqət çəkərək dedi ki, bu gün əsas problem budur: “Azərbaycan xalqını Azərbaycan dövlətindən narazı salan şəbəkəyə qalib gələ biləcəyik, ya yox?” Deputat Bakıxanov qəsəbəsindəki qəbulundan da bəhs etdi: “Qəbuluma gələn təqribən 15 nəfərdən 10 nəfər məndən iş istədi, məşğulluq idarəsindən yox, deputatdan. 5 nəfər məndən borc istədi. Bankdan borc istəmirdi, deputatdan istəyirdi. Heç kim də bir təkliflə gəlməmişdi, çünki insanların dərdi artıb. İnsanların dövlətə inamı azalıb. Birini “Akkord” aparıb Qazaxıstanda işlədib, pulunu verməyib. Rayon yerlərində olanların əksəriyyəti maaş kartlarını sələmçiyə veriblər. Səlahiyyətli, məsuliyyətli insanlar özlərində vicdan borcu tapıb bu məsələləri həll etməlidirlər ki, ölkə prezidentinin möhtəşəm qələbəyə kölgə salmasınlar”. (musavat.com)