Tikinti mallarının qiyməti əl yandırır - Rusiya bazarından asılılıq, yoxsa...

Fevralın 24-də başlayan Ukrayna-Rusiya müharibəsi dünya ölkələrinə bu və ya digər dərəcədə təsirini göstərir. Xüsusilə iqtisadiyyat sahəsində bu təsirlər daha qabarıq görünür. Şimal qonşumuza tətbiq olunan sanksiyalar ölkəmizə ixrac edilən məhsulların qiymətinə ciddi təsir göstərib. Rusiyadan gətirilən tikinti və ərzaq məhsullarının qiymətində artıma səbəb olub: taxta-şalban hər kub üçün 100 manat bahalaşıb. İrandan gələn şüşə məmulatlarının qiymətində də artım var. Bəs Azərbaycan sözügedən məhsulları idxal etmək üçün alternativ kimi hansı ölkələrə müraciət edə bilər?
İqtisadçı-ekspert “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın tikinti bazarı Rusiyadan ciddi asılıdır: “Problem bundadır ki, bu bazarı başqa bazarla əvəz etmək demək olar ki, mümkün deyil. Ətraf ölkələrdə belə bir alternativ yoxdur. Söhbət məhz taxta-şalbandan gedir. Rusiyanı əvəz edə biləcək ən yaxın bazar Finlandiyadır. Dünyada bu sahədə ən böyük istehsal və ixracatçı kimi tanınır. Orada isə qiymətlər çox bahadır. Finlandiya daha çox Avropa bazarı üçün tədarük görür. Azərbaycanla müqayisədə qiymətlər bahadır. Buna görə də hətta Finlandiyadan taxta-şalban alsaq belə, bazarda indiki qiymətlərdən daha baha qiymətlərlə qarşılaşa bilərik. Azərbaycanın məhz bu sahədə əvəzləmə aparması kifayət qədər çətin görünür”.
Ekspert əlavə etdi ki, Rusiyadan asılılıq uzun müddət davam edəcək.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Müsavat”a bildirdi ki, Ukrayna xalqı çox işgüzardır: “Gündəlik tələbat malları daxil, ən xırda məhsulu belə istehsal edirlər. Ukrayna bazarı həm qiymət baxımından, həm coğrafi yerləşmə baxımından, həm istehsalın keyfiyyəti baxımından bizim üçün mühüm bazardır. Söhbət təkcə bizdən getmir. Postsovet məkanında, eləcə də qonşuluqda, yaxınlıqda yerləşən ölkələrin bir çoxuna məhsul ixrac edirdi. Azərbaycana əsasən döşəmə, bəzi bəzək materialları, xammal, divar kağızları, armatur, qismən də taxta-şalban materialları gətirilirdi. Bəlli səbəbdən ixrac dayanıb. İkinci yerdə Rusiyadır. Elə məhsullar var ki, yerində satışı dayanıb. Qeyri-stabillik və pul dəyərdən düşdüyü üçün istehsalçılar və ixracatçılar satışı dayandırıb, yaxud malların qiymətini bilərək dəfələrlə artırıb.

Pandemiya dövründə tikinti məhsullarının qiymətində 15-20 % bahalaşma olub. Son iki ayda sanksiyaların tətbiq olunması ilə 15-20 % bahalaşma müşahidə edilir. Rubl Azərbaycan bazarında dəyərdən düşdüyünə görə satış qiymətlərində faktiki olaraq artım var. Rusiyanın daxili bazarında da 40-80% bahalaşma müşahidə olunur. Gömrük rüsumları, istehlakçıya çatdırılması və s. məqamları nəzərə alsaq, Azərbaycanda orta hesabla 50-60% artım var”.
Alternativ variantlara gəlincə, ekspert bildirdi ki, Moldova, Belarusdan ixrac mümkün olsa da, məsafə baxımından bu, əlverişli deyil: “Uzaq məsafədən ixrac edilən məhsulların daşınma xərcləri yüksək vəsaitə başa gəldiyinə görə sərfəli olmur. Ümumiyyətlə, Rusiya dünyada taxta-şalban istehsalında qiymət və keyfiyyət baxımından öncül ölkədir. Sözügedən məhsulların ixrac edildiyi ölkələr arasında Azərbaycan çox kiçik paya malikdir. Çin Rusiyanın taxta-şalban məhsullarını ixrac etdiyi ən böyük ölkədir. İkinci yerdə Avropa ölkələri gəlir. Daha sonra Türkiyə, İran, Koreya gəlir. Hətta Afrika, Balkan ölkələrinə də bu məhsullar satılır. Ümumiyyətlə, Rusiya taxta-şalban ehtiyatlarına sahib ən böyük və satış qiymətinə görə ən əlverişli ölkədir”.
Ekspert həmçinin qeyd etdi ki, qiymət artımına baxmayaraq, bu ölkələrə ixrac, satış davam etməkdədir.
Oxunub: 331
Xəbəri paylaş
Paylaş: