Kim ürək dayanmasından və nə vaxt öləcək? -
Artıq bunu bilmək mümkündür
Dünyada çox sayda insanın ölüm səbəbi olaraq göstərilən ürək dayanmasından artıq daha əvvəl xəbər tutmaq mümkün olacaq.
Globall.az xəbər verir ki, Amerika Cons Hopkins Universitetinin tədqiqatçıları ürəyin skan edilmiş görüntüsünə əsaslanaraq, insanın ürək dayanmasından ölə biləcəyini və bunun nə vaxt baş verəcəyini proqnozlaşdıra bilən proqram hazırlayıblar.
Tədqiqatın baş müəllifi, Cons Hopkins Universitetinin professoru Natalya Trayanova “Nature Cardiovassal Research” tibb jurnalında yazır ki, ürək aritmiyasının səbəb olduğu qəfil ölüm dünyada bütün ölümlərin 20%-ni təşkil edir:
“Biz bunun niyə baş verdiyi və necə baş verdiyi barədə çox az şey bilirik. Kimin risk altında olduğunu müəyyən etmək çətindir”.
Tədqiqatçılar müxtəlif xəstəliklər səbəbindən ürəkdə zamanla inkişaf edən çapıq toxuması nümunələrini təhlil ediblər. Məlum olub ki, bu məlumatlar sayəsində süni intellekt ölüm risklərini 10 il öncədən proqnozlaşdıra bilir.
Süni intellekt tibbi tarixdən alınan standart məlumatlar, həmçinin yaş, çəki, təyin olunmuş dərmanlar və kontrastlı ürəyin MRT müayinəsinin nəticələri ilə kifayətlənir. Bütün məlumatlar yükləndikdə, süni intellekt çapıqların təkcə vizual xüsusiyyətlərini deyil, onların ümumi həcmini, kütləsini də qiymətləndirir.
Trayanovanın sözlərinə görə, ehtiyac olmayan dərmanları qəbul edərkən qəfil ürək dayanması riski az olan xəstələr də var, riski yüksək olanlar da. Buna görə də müayinənin nəticələri qiymətləndirmə çox vacibdir.
İndi alimlər süni intellektin işini elektrokardioqramma və ya ultrasəs skanının məlumatları üzərində sınaqdan keçirirlər.