Moskvada “Qazprombank”ın keçmiş vitse-prezidenti və ailəsi
ÖLÜ TAPILDI
Rusiyanın paytaxtında “Qazprombank”ın keçmiş vitse-prezidenti, 51 yaşlı Vladislav Avayevin, habelə onun həyat yoldaşı və qızının meyitləri tapılıb.
Globall.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Moskvada “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin və onun ailə üzvlərinin cəsədləri tapılıb. İstintaqın versiyalarından birinə görə, ər arvadını və qızını öldürüb, bundan sonra intihar edib”, - deyə məlumatda bildirilir.
Rusiya dövlət xəbər agentliyi yazır ki, Avayevlərin güllə yaraları olan cəsədləri polis tərəfindən Universitet prospektindəki mənzildə aşkarlanıb. Ailə ilə əlaqə saxlaya bilməyən yaxınları polisə müraciət edib.
Qapı içəridən bağlı olub, araşdırma zamanı oğurluq və ya başqalarının evə girmə izləri aşkar edilməyib. Rusiya İstintaq Komitəsi iki və ya daha çox adamın qətli ilə bağlı maddə ilə cinayət işi açıb.
Həmçinin bildirilib ki, Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1996-2000), xarici işlər nazirinin birinci müavini, Rusiya prezidentinin MDB üzrə xüsusi nümayəndəsi 77 yaşlı Vyaçeslav Trubnikov bu gün vəfat edib.
Qeyd edək ki, bu hadisələr Rusiyanın fevralın 24-də Ukraynada başladığı genişmiqyaslı müharibə fonunda baş verir. (publika.az)