G7-nin nazirləri Ukraynaya 24 milyard dollar yardım VƏD ETDİLƏR
G7 ölkələrinin maliyyə nazirləri beynəlxalq ictimaiyyətlə birlikdə 2022 və 2023-cü illərdə Ukraynaya 24 milyard dollardan çox əlavə dəstək verəcəklərini bildiriblər.
Globall.az modern.az-a istinadən xəbər verir ki, G7 ölkələrinin nazirləri lazım gələrsə, daha çox şey etməyə hazır olduqlarını da bəyan ediblər.
“Rusiyanın davam edən qəddar təcavüzü, bunun nəticəsində Ukrayna əhalisinin iztirabları və ölkənin məhv edilməsi fonunda biz lazım gələrsə, daha çox şey etməyə hazırıq”, - nazirlərin bəyanatında deyilir.
Nazirlər öz bəyanatlarında Rusiyanın beynəlxalq forumlarda, o cümlədən G20, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu həftə keçirilən iclaslarında iştirakından təəssüfləndiklərini əlavə ediblər.
"Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar artıq Rusiya ilə öz işini adi qaydada aparmamalıdır", - G7 nazirləri bildiriblər.
Maliyyə nazirləri həmçinin “Ukrayna xalqı və hökuməti ilə sarsılmaz dəstək və səmimi həmrəylik” təklif ediblər.
“Biz Ukraynanı dəstəkləməyə davam edirik”, - bəyanatda deyilir.