Paşinyan yenə Qarabağ erməniləri üçün statusu VACİB SAYMADI
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin cümə günü keçirilən iclasında Qarabağın statusu ilə bağlı “plankanı aşağı salmağa” (tələbləri azaltmağa-red.) çağırışlar səsləndirib.
Globall.az modern.az-a istinadən xəbər verir ki, N.Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı bir müddət öncə parlamentdəki açıqlamasından sonra spekulyasiyalar başlayıb, əvvəllər belə müraciətlərin olmadığı barədə iddialar səslənib.
Amma Paşinyanın sözlərinə görə, bu, çoxdan baş verib. Məsələn, həmsədrlər 2016-cı ildə də bu cür təkliflər irəli sürüvlər.
"Təkliflər “plankanın aşağı salınması”na dair sənəddən başqa bir şey deyil. Çünki bu sənədin mənası Dağlıq Qarabağın statusu məsələsini qeyri-müəyyən müddətə təxirə salmaqdan ibarətdir. Üstəlik, bu mövzu on illərdi davam edir", - Paşinyan bildirib.
Onun sözlərinə görə, 1996-cı ildə ATƏT-in Lissabon sammiti, 1999-cu ildə “vahid dövlət ideyası”, 2001-ci ildə Ki-Uest prosesi, 2007-ci ildə Madrid prinsiplərində də statusla bağlı “plankanın aşağı salınması” barədə çağırış olub. 2016-cı ilin üç təklifi də sonuncuya əsaslanır.
"Müxtəlif beynəlxalq instansiyalar tərəfindən qəbul edilmiş bir çox sənədlərdə statusla bağlı birbaşa və dolayı çağırışlar olub. Və bu faktların cəmiyyətimizdən məharətlə gizlədilməsi onların mövcud olmadığı anlamına gəlmir", - Paşinyan bildirib.
Baş nazir deyib ki, indi cəmiyyətin bundan xəbərdar olmasını düzgün hesab edir.
Ermənistan hakimiyyətinin taktikasından danışan Paşinyan deyib ki, onlar elə bir vəziyyətin təmin edilməsinə çalışırlar ki, Qarabağ erməniləri Qarabağda qalıb yaşasın və özlərini həm qarabağlılar, həm də ermənilər kimi hiss etsinlər.
“Qarabağda bunu təmin etməyən heç bir qərar və ya vəziyyət bizim üçün qəbuledilməzdir və heç vaxt məqbul olmayacaq”, - Paşinyan vurğulayıb.