ABŞ-ın “Teodor Ruzvelt” gəmisinin ekipajının 840 üzvündə koronavirus aşkar edilib
ABŞ-ın siyasi qalmaqallara səbəb olan “Teodor Ruzvelt” adlı təyyarədaşıyan gəmisinin bütün ekipajı koronavirus testindən keçirilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, gəminin 4,6 min nəfərlik şəxsi heyətindən 840 nəfərdə COVİD-19 virusu aşkar edilib.
“The Hill” saytının məlumatına əsasən, hazırda hərbi xəstəxanada 4 hərbçi qalıb və onlar intensiv terapiyaya köçürülməyiblər. Donanmanın 88 üzvü sağalıb, bir nəfər vəfat edib.
Qeyd olunur ki, hələ bu ilin mart ayında təyyarədaşıyan gəminin kapitanı Brett Krozye Pentaqona təcili siqnal göndərərək ekipajın hamısının təcrid olunmasını xahiş etmişdi. Həmin məktub naməlum səbəblərdən “The San Francisco Chronicle” qəzetində çıxdıqdan sonra kapitan konfidensiallıq qaydalarını pozduğu üçün vəzifəsindən azad edilmişdi.
Bu ilin aprel ayının 5-də isə keçmiş kapitanın özündə koronavirus aşkar olunub. Təyyarədaşıyan gəmi isə fövqəladə qaydada Sakit okeanın qərb sahilindəki Quam adasına göndərilib.
Birləşmiş Ştatların hərbi dəniz qüvvələri naziri Tomas Modli həmin vaxt Brett Krozyeni sərt tənqid edərək onun “ya avam, ya da əbləh” olduğunu söyləyib.
Bütün bunlardan sonra Nümayəndələr Palatasının Silahlı qüvvələr üzrə komitəsinin sədri Adam Smit prezident Donald Trampa yazılı məktub göndərərək naziri istefaya göndərməsini tələb edib.
Müdafiə naziri Mark Eder artıq T.Modlinin istefasını qəbul edib və onun yeni, quru qoşunları naziri Ceyms Makfersonun müavini vəzifəsinə təyin olunması barədə sərəncam imzalayıb.
Oxunub: 453
Xəbəri paylaş
Paylaş: