ABŞ Rusiyanı Qafqazdan çıxarır
- Proses İrəvandan başladı
Aksiyaların məqsədi Paşinyanı postundan kənarlaşdırmaq olsa da, bu istəyin arxasında dayanan qüvvələrin kimliyi müzakirə mövzusu olaraq qalır. Bəzi ekspertlər Ermənistandakı aksiyalarda Rusiyanın rolunun olduğunu iddia edir. Bununla belə bir çox siyasi şərhçilər etirazlarda Qərb dalğasını istisna etmirlər. Ehtimal olunur ki, ABŞ başda olmaqla Qərb dairələri Ermənistanda etirazlar fonunda Rusiyanın Cənubi Qafqazda hökmranlığna son qoymağı hədəfləyir.
Bu barədə modern.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanda aranı qatan Rusiya agenturasıdır:
“Agenturanın fəal üzvləri Robert Koçaryan, Serj Sarksiyan və Artur Vanetsyandır. Mitinqlərdə Koçaryanın oğlu da iştirak etmişdi. Bildiyimiz kimi, onu saxladılar, daha sonra izahatını alıb buraxdılar. Onun bu aksiyalarda nə işi var? Yolu bağlayır, maşınların normal hərəkətini dayandırır, məqsəd nədir? Atası cinayət içində üzən adamın oğlu da cinayətkar olacaq da. Onların normal bir hədəfi yoxdur. Ancaq ölkəni qarışdırıb, qanuni hakimiyyəti devirmək istəyirlər”.
Politoloqun fikrincə, Paşinyanın devrilməsi real görünmür:
“Ehtimallar çox azdır. Artıq ABŞ Ermənistandakı prosesləri nəzarət altına alıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Amerikada səfərdə oldu, orada bir sıra şəxslərlə danışıqlar apardı. Mən hesab edirəm ki, ABŞ bölgəni qarışdıran, regionun altını üstünə çevirən Rusiyanın bölgədən çıxarılması üçün cəhdlər göstərəcək. Ermənistanın hazırda yeganə problemi Rusiya, onun agentura şəbəkəsi olan Robert Koçeryanlar və Serj Sarkisyandır. Azərbaycanla da sülh prosesinin irəliləməsinə mane olan tərəf məhz onlardır. Mən güman edirəm ki, Amerika Rusiyanın Qərbdə olduğu kimi, Cənubi Qafqazda da nəfəsini kəsəcək. Beləliklə, ABŞ Cənubi Qafqaz regionunun əməkdaşlıq və sülh zonasına çevrilməsi üçün lazım olan hər şeyi etməyə çalışacaq”.