“Putin bizi diri-diri ələ keçirib...” -
“Azov”un hərbçisindən ÜRPƏDİCİ SÖZLƏR
Ukrayna hərbçiləri Mariupolun Azovstal ərazisində daha bir həftə qala bilər.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu “Azov” alayının Oleq adlı hərbçisi Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bir həftə ərzində heç bir humanitar dəhliz açmaq mümkün olmayacaq: “Ruslar Mariupola daxil olandan bəri şiddətli döyüşlər gedir. Dünən bizi ağır artilleriya atəşinə tutdular, üç dostum həlak oldu. Hər gün ağır keçir, hər gün insanlar, bacı-qardaşlar ölürlər. Başqa ölkələrdən kömək gözləyirik, hər keçən gün azalırıq”.
Oleq Vladimir Putinin zavodu məhv etmək üçün bütün qüvvələrini irəli göndərdiyini, mayın 9-da keçiriləcək paradda nümayiş etdirmək üçün daha çox əsir ələ keçirmək istədiyini bildirib.
Ukraynalı hərbçi artıq düşmənin zavodun ərazisində olduğunu deyib: “Düşmən artıq zavodun ərazisinə soxulub və yavaş-yavaş soxulmağa çalışır. Pilotsuz təyyarələr və minaatanlardan atəşə tuturlar. Düşünürəm ki, onlar bizi mayın 9-dək diri-diri ələ keçirmək istəyirlər ki, qəfəslərdə parada çıxarsınlar”.
Oleq bildirib ki, döyüşçülər evakuasiyaya üçüncü ölkələri cəlb etməyə ümid edirdilər, amma bu ümidlər hər gün sönür: “Düşünürəm ki, burada daha bir həftə qala bilərik. Amma bir həftədən sonra heç kim bu dəhlizdən keçə bilməyəcək. Biz buradan çıxa bilmirik”.