"Putinin növbəti addımını proqnozlaşdırmaq çətindir, çünki..."
- KƏŞFİYYAT MƏLUMATI
“Putinin növbəti addımını proqnozlaşdırmaq çətin olacaq, çünki qismən Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı potensialı arasında uyğunsuzluqla üzləşir”.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyatın Xidmətinin direktoru Avril Hayns deyib.
ABŞ kəşfiyyat ictimaiyyəti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibə yaxın aylarda daha gözlənilməz olacaq və kəskinləşəcək.
Hayns Putinin işğalının növbəti mərhələsinin acınacaqlı və qeyri-müəyyən mənzərə yaradacağını qeyd edib: “Putinin növbəti addımını proqnozlaşdırmaq çətin olacaq, çünki qismən Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı potensialı arasında uyğunsuzluqla üzləşir. Hazırkı vəziyyət Putinin daha güclü addımlar atması ehtimalını artıra bilər: o cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya hərbi əməliyyatların potensial eskalasiyası”.
Onun sözlərinə görə, kəşfiyyat ictimaiyyəti Putinin Rusiyanın mövcudluğundan təhlükə hiss etməsə, nüvə silahından istifadə edəcəyinə inanmır.
Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Skott Berrier də bildirib ki, ABŞ yaxın gələcəkdə Rusiyanın taktiki və ya döyüş nüvə silahından istifadə edəcəyini gözləmir.
Hayns həmçinin bildirib ki, Putinin məqsədləri Donbassdan çox-çox kənara çıxır.
“Uğur qazansalar belə, Donbassdakı döyüşlərin əslində müharibəni bitirəcəyinə əmin deyilik”, - o deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Putin Donetsk və Luqansk vilayətlərini ələ keçirmək, Xerson şəhərinə nəzarəti ələ almaq və potensial olaraq tanınmamış Dnestryanı əraziyə quru yolunu genişləndirmək istəyir. Lakin kəşfiyyat ictimaiyyəti hesab edir ki, Dnestryanıya nail olmaq üçün Putin Rusiya daxilində tam səfərbər olmalıdır.
“Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyiş əldə etməyə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısa müddətdə danışıqlar üçün əlverişli yol görmürük”, - Haynes bildirib.
Qeyd edək ki, artıq bir çox analitiklər Rusiya “xüsusi əməliyyat” adlandırdığı müharibənin daha bir məqsədi Ukraynanın cənubunun ələ keçirilməsi və Dnestryanı ilə sərhədə çıxışı açmaq niyyətidir. Ötən həftə Ukrayna Müdafiə Nazirliyinin spikeri Aleksandr Motuzyanik rusların bu planlarını təsdiqləyib.