“Lotu Quli”nin adamı “Emin 444” kimi tanınan avtoriteti öldürənlərdən YENİ XƏBƏR
Bakıda kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovu qətlə yetirməkdə təqsirləndirilən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakupost-un məlumatına görə, təqsirləndirilən şəxslərlə bağlı toplanan cinayət işinin materialları Bakı şəhər Prokurorluğunda başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, 2019-cu ilin may ayının 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Həsən Tağıyev saxlanılıb, istintaq gedişatı zamanı cinayətin digər iştirakçısı - 1984-cü il təvəllüdlü Zaur Yusifov şübhəli şəxs qismində tutulub.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.
O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adam olub.