Türkmən prezidentin qadınlara qarşı qadağaları
TƏNQİD OLUNUR
Türkmənistanda yeni dövlət başçısı Serdar Berdimuhammedovun prezident kürsüsündə oturmasından sonra qadınlara qarşı tətbiq edilən bir çox məhdudiyyətlər beynəlxalq insan haqları təşkilatlarında təəccübə səbəb olub.
Globall.az modern.az-a istinadən xəbər verir ki, Beynəlxalq Ailə Planlaşdırılması Federasiyası (IPPF) Türkmənistan hakimiyyətinin qadınlara qarşı çoxsaylı qadağalarını pisləyib.
“Türkmənlər yeni prezident Serdar Berdimuhammedovun atasından daha mütərəqqi olacağına ümid edirdilər, lakin yanıldılar”, - deyə İPPF-nin yaydığı hesabatda qeyd olunub.
Hesabatda, Türkmənistanda qadınlara ikinci dərəcəli vətəndaş kimi baxıldığı və ölkədə insan haqları vəziyyətinin ağır olduğu bildirilib.
Bir sıra bynəlxalq qurumlar bu ölkədə qadınların fiziki müstəqillikdən məhrum edildiyini, nikaha məcbur olunduğunu insan haqlarına zidd hərəkətlər kimi diqqətə çatdırırlar.
İPPF-nin yaydığı hesabata görə, Türkmənistanda dar paltarlar geyinməyə, cins şalvarda gəzməyə, saçları rəngləməyə, süni dırnaq, kiprik qoydurmağa icazə verilməməsi qadınlar arasında kütləvi narazılığa səbəb olsa da, onlar bu haqda danışmaqdan qorxurlar. Etiraz edənləri ya işdən çıxarılmaq, ya da həbs olunmaq və böyük məbləğdə cərimələnmək təhlükəsi gözləyir.
Beynəlxalq qurumların türkmən fəallardan əldə etdiyi məlumatlara görə, bu gün ölkədə qadınlara qarşı bir sıra qeyri-rəsmi qadağalar tətbiq olunur.
Qadınlara dar geyimlər əvəzinə milli paltarlardan istifadə etmək məsləhət görülür. Onlara silikon implantlar (sinə və dodaq böyütmək və s.), botoks qəti qadağan olunub.
Qadınlar üçün sürücülük vəsiqəsi əldə etmək də çox çətinləşib. Onlar mağazalardan içki və siqaret də ala bilməzlər.
Qadınların sürücülərin yanında – ön oturacaqda əyləşməsinə icazə verilmir. Hətta sürücü onun ailə üzvü olsa belə.
Axşam 8-dən sonra sürücülərin maşına, qohumluqdan asılı olmayaraq qadın sərnişin götürməsinə icazə verilmir.
Bəzi beynəlxalq təşkilatlar bildirirlər ki, Türkmənistanda qeyri-rəsmi qaydalara görə, “ərlərinin arvadlarını döymək hüququ” var ki, bu da ağılasığmaz bir şeydir.