Tələbələrin narazılığına səbəb olan elan YIĞIŞDIRILDI
- FOTO (YENİLƏNDİ)
Xəzər Universitetinin həyətində yerləşdirildiyi bildirilən elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Elanda tələbələrə xitabən qeyd olunub ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.
Bununla bağlı universitetdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bildiriş ali təhsil müəssisəsinin həyətində qanunsuz yerləşdirilib.
Xəzər Univeristetinin mətbuat katibi Əlövsət Əmirbəylinin sözlərinə görə, elanı yeməkxana rəhbəri özbaşına yerləşdirib: “Universitetə aidiyyəti yoxdur, yeməkxanaya yemək aparmasınlar deyə elə bir elan asıblar. Amma bu qanunsuzdur. Elan dərhal səhər tezdən göstərişimizlə yığışdırıldı, yeməkxana müdiri də rektorluğa dəvət edilib. Onunla bağlı tədbir görüləcək”.
xxx
Xəzər Universitetinin həyətində yerləşdirildiyi bildirilən elan müzakirələrə səbəb olub.
Globall.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.
Sözügedən elanda tələbələrə xitabən qeyd olunub ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.
“Töhmət nədir? Tələbəni daxili nizam-intizam qaydalarını pozduğuna görə xaric etmək, universitetin işgüzar fəaliyyətinə xələl gətirdiyinə görə məhkəməyə verib təzminat almaq lazımdır. Ona görə də biz xarici ölkələrdən mütəxəssislər gətiririk, uşaqları xarici universitetlərə qəbul etdirik ki, maksimum dərəcədə bu anormallıqdan uzaq olsunlar. Azərbaycan universitetlərinin Azərbaycan elmində, sənayesində, iqtisadiyyatında, səhiyyəsində hansı rolu var?” - ekspert məsələyə münasibət bildirib.
Xatırladaq ki, ali təhsil ocağının rektoru İradə Xəlilovadır.