Döyüş yoldaşlarını xilas etmək üçün özünü ÖLDÜRDÜ
Dünyanın diqqəti 3 aydan artıqdır ki, Ukraynada davam edən müharibəyə yönəlib. Rusiyanın fevralın 24-dən başlayan hücumları Ukraynanın müqavimətini qıra bilməyib, nəticədə istəyinə nail ola bilməyən Moskva hücumların istiqamətini ölkənin şərqinə yönəldib.
Rus ordusuna qarşı müqavimətin son dayanacağı Ukraynanın mühüm sənaye şəhərləri Severodonetsk və Lisiçanskdır. Çünki əgər Rusiya Severodonetsk və Lisiçanski ələ keçirsə, o zaman bütün Luqansk vilayətinə nəzarəti ələ almış olacaq.
Globall.az xəbər verir ki, strateji əhəmiyyətli bölgədə qarşıdurmalar səngimədən davam edərkən, dünyanın gündəminə daxil olan yeni görüntülər insanları sarsıdıb.
Belə ki, Ukrayna əsgərinin Rusiya qüvvələrinə qarşı təkbaşına müqavimət göstərdiyi anlar pilotsuz təyyarənin kamerası ilə saniyə-saniyə lentə alınıb.
Britaniynanın "Daily Mail" qəzeti əsgərin rusların hücumlarından qorunmağa çalışan bölməsini xilas edərək, düşmənə qarşı təkbaşına döyüşdüyünü yazıb. Son gülləsinədək savaşan cəsur əsgər əsir düşməmək üçün əl qumbarasını partladaraq, özünü öldürüb. O, öz ölümü ilə döyüş yoldaşlarını xilas edib.
Ukrayna əsgərinin qəhrəmanlığı dünyanın gündəminə düşüb. Sosial şəbəkə istifadəçiləri adı açıqlanmayan döyüşçünü “Ukraynanın ən cəsur əsgəri” adlandırıblar. (modern.az)