Toyu olan şagird məktəbdən qovulubmuş
- YENİ FAKTLAR (YENİLƏNDİ)
Sabirabad rayonunun Qəzli kəndində toyu olan 9-cu sinif şagirdinin bu il məktəbə getmədiyi məlum olub.
Bu barədə Modern.az-a Qəzli kənd B.Rəhimov adına tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, adı evlilikdə hallanan məktəbli qız 8-ci sinfə kimi dərslərdə iştirak edib, nizam-intizamlı şagird olub. Lakin bu il o dərsə getməyib:
“Həmin şagird 9-cu sinifdə dərslərə gəlmirdi, hətta imtahanlarda iştirak etmədiyi üçün məktəb kontingentindən xaric olunub”.
Məktəbdən onu da bildiriblər ki, həmin şagirdin ailəsi təhsil önəm verməyib. Belə ki, ailənin digər oğlan övladı da bu il buraxılış imtahanlarından qeyri-kafi nəticə əldə edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Sabirabad rayon Qəzli kəndində 9-cu sinif şagirdinin toyu olmasıyla bağlı məlumat yayılıb. Geniş müzakirələrə səbəb olan xəbəri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə ictimailəşdirib.
Daxili İşlər Nazirliyi də IX sinif şagirdinin evləndirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, vaxt təyin olunan toy mərasiminin keçirilməsinin qarşısı alınıb.
Bundan əlavə, məktəblinin valideynləri polis şöbəsinə dəvət olunub, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
xxx
Sabirabad rayonunda 9-cu sinif şagirdinin toyu olub.
Globall.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, məktəbli qızın toy məclisi ötən gün baş tutub:
"Sabirabad rayonunun Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə oğlan toyu olacaq və o da müdafiə gününə təsadüf etməyəcək. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir".