Görünməmiş qaçqın kütləsi -
14 milyon ukraynalı evlərini tərk edib
Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən 14 milyon ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb.
Globall.az azərtac-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı böhran üzrə koordinatoru Əminə Avadın bəyanatında deyilir.
“Müharibənin əvvəlindən bəri 14 milyona yaxın ukraynalı evlərini tərk etməyə məcbur olub ki, onların da əksəriyyəti qadınlar və uşaqlardır”, - deyə bəyanatda bildirilir.
Müharibə səbəbindən üç milyondan çox ukraynalı uşaq təhsil prosesini yarımçıq qoyub. Həmçinin ən azı 15,7 milyon Ukrayna vətəndaşının humanitar yardıma ehtiyacı var, yüz minlərlə insan isə su və elektrik enerjisindən məhrumdur. BMT müharibənin davam etdiyi yüz gün ərzində Ukrayna ərazisində səkkiz milyona yaxın insana təcili humanitar yardım göstərib.
BMT-nin Qaçqınların işi üzrə ali komissarlığının son məlumatlarına görə, müharibə səbəbindən təxminən 7 milyon insan Ukraynanı tərk edərək qonşu ölkələrə sığınıb.