Büdcədə neftin qiyməti 80 dollardan götürülsün!
- TƏKLİF
İqtisadi Şuranın ötən günlərdə keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması məsələsi gündəmə gətirilib. İclasda büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb.
2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Son günlər dünya bazarında neftin qiymətinin bahalaşması fonunda büdcədə "qara qızıl" dəyəri hansı məbləğdə müəyyən olunacaq?
Bununla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov əvvəlcə xatırladıb ki, 2022-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barelin dünya bazarındakı ortalama dəyərinə uyğun olaraq, 50 dollardan götürülmüşdü. Hazırda rəqəmlər dəyişib.
"2022-ci ilin ilk aylarından neftin qiyməti 100 dollardan yuxarı qalxmağa başladı. Hazırda bir barel üçün dünya bazarında ortalama qiymət 110 dollardır, bu bizim büdcə gəlirlərimizi artırır. Ölkənin büdcə gəlirləri artarsa, zəruri xərclər yaranarsa, büdcədə dürüstləşmə aparılır. Bu zaman xüsusilə, sosial sahələrə önəm verilir. İndi isə qeyd etdiyimiz kimi, büdcə dürüstləşmələrinə baxdıqda neftin qiyməti 70-80 dollar civarında götürülə bilər. Neftin dünya bazarında qiyməti yüksəlməkdə davam edərsə, ölkə büdcəsinə çox müsbət təsir göstərəcək", - deyə deputat vurğulayıb.
Bu günə olan məlumata əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,81 dollar artaraq 127,94 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.