Büdcəyə yenidən baxılması GÜNDƏMDƏ - Sosial sahəyə ayırmalar artırılacaq
Dünya birjalarında neft qiymətləri artmaqda davam edir. Aprelin 4-nə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 0,32 dollar artaraq 104,71 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir bareli isə 110,58 dollara təklif edilir.
Neft qiymətlərinin yüksək olduğu bir məqamda 2022-ci ilin mayında büdcəyə yenidən baxılacağı bildirilib.
Bununla bağlı modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hələlik 2022-ci ilin büdcəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı sənədin parlamentə daxil olmadığını söyləyib:
“Bu baxımdan, cari ilin dövlət büdcəsinə əlavə və dəyişikiliklərin edilib-edilməyəcəyini dəqiq söyləmək çətindir. Bu, birbaşa uyğun icra qurumlarının təklif hazırlayıb, Milli Məclisə təqdim etməsindən asılı olacaq".
Parlamentari bildirib ki, əgər büdcəyə yenidən baxılması müzakirə edilərsə, o zaman biz sosial istiqamətə ayrılan vəsaitlərin daha da artırılmasını təklif edəcəklər: "Nəzərə alaq ki, 2022-ci ilin dövlət büdcəsi sosial büdcə idi və ilk dəfə olaraq büdcədən sosial istiqamətə ayrılan vəsaitlərin həcmi ümumi büdcə xərclərində 46.5 faizə çatıb. Bu, müstəqillik illərində ən yuxarı göstəricidir. Bütövlükdə 2022-ci ildə bu istiqamətə 14 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda qlobal və region bazarında qiymət artımlarının olduğunu nəzərə alsaq, sosial istiqamətə ayrılan vəsaitlər artırılmalıdır.
Bununla yanaşı elm-təhsil, investisiya qoyuluşlarına, büdcənin imkanları daxilində daha çox vəsaitin ayrılması nəzərdə tutula bilər. Belə bir sənəd təqdim edilsə, öz təkliflərimizi irəli sürəcəyik”.